Yozef Blatter sağlıq durumu ilə bağlı problem üzündən məhkəmədə ifadə verə bilməyib.
"Football-plus.az" xəbər verir ki, İsveçrədə FİFA-nın sabiq prezidenti ilə yanaşı, UEFA-nın sabiq prezidenti Mişel Platininin də məhkəməsi başlayıb. İsveçrə Baş Prokurorluğu qitə və dünya futbolunun sabiq rəhbərlərini fırıldaqçılıqda, qeyri-qanuni pul mənimsəmədə, cinayətkarcasına qeyri-effektiv idarəçilikdə, həmçinin sənəd saxtakarlığında ittiham edir. Adı çəkilən şəxslər 2011-ci ildə 2 milyon İsveçrə frankı (2,08 milyon dollar) ödəniş təşkil ediblər ki, prokurorluğun fikrincə, bu da qanunsuz olub.
Blatter dünən məhkəmədə sorğu-sual edilməliydi, ancaq planlaşdırılan vaxta 1 saat qalmış 86 yaşlı sabiq funksioner proseduru ertəsi günə saxlamağı xahiş edib. Onun xahişi yerinə yetirilib. Az qala pıçıltı ilə “yaxşı deyiləm, gəlib-gedən problemim var, normal nəfəs ala bilmirəm, hazırda özümü suallara cavab verməyə hazır hiss etmirəm, ümid edirəm ki, sabah yaxşılaşaram” deyən Blatterin halına acımaq lazımdı, ya yox – daha bunu bilmirik.
Prosesin 11 gün davam edəcəyi gözlənilir. Blatterin sağlıq durumu üzündən məhkəmə hər gün nahara qədər işləyəcək. Günahları sübuta yetirilərsə, Blatterlə Platinini 5 il həbs cəzası gözləyir.