Millinin ilk turda rəqibi Qazaxıstandı. Xəzərin şərq sahilindən olan qonşularımızın idman mediası qarşılaşmadan öncə hər iki komandanın imkanlarını dəyərləndirib. Həmkarlarımızın fikrincə, yeni baş məşqçi Maqomed Adiyevin rəhbərliyi altında Qazaxıstan yığmasının qalib gəlmək şansı daha yüksəkdi.
Bəs görəsən, Vaqif Cavadov bu barədə nə düşünür? Xatırladaq ki, B kateqoriyalı məşqçinin bu ilin əvvəlində qısa müddət Qazaxıstanda çalışmaq imkanı oldu. O bu ölkənin yüksək dəstəsində çıxış edən “Turan”ın məqşçilər korpusunda yer almışdı.
Cavadov “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:
“Bildiyim qədər sabahkı oyun ərəfəsində Qazaxıstan yığmasının 10 üzvü müxtəlif səbəblərdən komandadan ayrı düşüb. Bu bizim üçün müsbət haldı. Həm bizdə, həm də onlarda çempionat yeni başa çatıb ki, futbolçuların ümumi durumu, demək olar ki, bərabərdi. Bizim əleyhimizə olan fakt isə matçın süni örtüklü meydanda oynanılmasıdı. Havanın isti və arenanın üstünün qapalı olduğunu nəzərə alsaq, futbolçularımız bu yöndə çətinliklə üzləşə bilərlər. Onu da qeyd edim ki, fiziki cəhətdən qazax futbolçular güclü olur. Bütün bunlara baxmayaraq, inanıram ki, yığma qrupun ilk matçında bizi sevindirməyi bacaracaq. Mən yığmadan qələbə gözləyirəm”.
RƏŞAD




