25 may 2022-ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə regional turnir keçirilib.
Vətən Müharibəsi şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr olunan turnir Xaçmaz rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı, Xaçmaz Regional Mədəniyyət İdarəsi, Xaçmaz rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin girişində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Arəstə Baxışovanın həyatından bəhs olunan videoçarx izlənilib.
Sonra isə Azərbaycan Şahmat Federasiyasının sosial komissiyasının fəaliyyəti, vəzifələri və gələcək planları barədə məlumat vermək üçün komissiyanın sədri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovaya söz verilib.
Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova gənc şahmatçıları İcra Hakimiyyəti Başçısının adından salamlayıb və onlara səmimi arzularını çatdırıb.
Həmçinin çıxış edən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov hər bir sahədə gənc nəslin qazandığı uğurlardan, şücaətindən və üstün zəka səviyyəsindən söz açıb.
Daha sonra çıxış edən Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov və GİKM-in Xaçmaz nümayəndəliyinin direktoru Ceyhun Fərzəliyev ölkədə həyata keçirilən gənclər siyasətindən, hər bir sahədə irəliləyişlərin olmasından və gənclərə göstərilən böyük qayğı və etimaddan bəhs edib.
Qeyd edək ki, Şimal regionu üzrə – Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını təmsil edən 130 qız və qadın şahmatçı 7 turda yarışıb. Yekunda 6 kateqoriya üzrə gənclər mükafatlandırılıb.