Kubokun final matçının biletləri nə vaxt satışa çıxarılacaq? - PFL AÇIQLADI

24.05.2022 17:11 766
Aktual / Ölkə kuboku
Üç gün sonra Qəbələ şəhər stadionunda “Qarabağ”la “Zirə” arasında Azərbaycan kubokunun final matçı keçiriləcək. Oyunun neytral meydanda baş tutacağını nəzərə alsaq, azarkeşləri maraqlandıran əsas məsələ matç üçün nə qədər biletin satışa çıxarılacağı və qiyməti ilə bağlıdı.

"Football-plus.az" saytı olaraq məsələni dəqiqləşdirmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələlər Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq:

"Kubokun final oyunu ilə bağlı 3500 bilet sifariş olunub. "Qarabağ"la "Zirə"nin hər birinə 1200 bilet paylanılıb. Qalan biletlərin az qismi “Qəbələ” Futbol Akademiyasına, müəyyən hissəsi isə şəhərin futbol azarkeşlərinə satış üçün nəzərdə tutulub. Biletlərin qiyməti 2-10 manat aralığında dəyişir. Mayın 26-da satışa çıxarılacaq. Almaq istəyənlər Qəbələ şəhər stadionunun kassalarına yaxınlaşa bilər”.


PFL-in mətbuat katibi konsertin olub-olmayacağına da aydınlıq gətirdi: "Kubokun final oyunundan bir gün sonra Dövlət Müstəqilliyi Günü olduğundan, konsertin keçirilməsi nəzərdə tutulmayıb. Əvəzində stadiona gələn hər bir azarkeşə dövlət bayrağı hədiyyə olunacaq".

Aslan bəy final matçına rəsmi qonaqların gəlib-gəlməyəcəyinə də aydınlıq gətirdi:

"İndidən bunu dəqiq deyə bilmərik. Qonaqların kimliyinə matçdan bir gün öncə aydınlıq gələcək".

ABDULLA İSMAYILOĞLU