Gələn ay Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin pit-leynində dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlamasında bildirib.
BŞH rəsmisi pit-leynə daxil olmaq üçün zonanı bir qədər dəyişdirdiklərini söyləyib:
"Trasda heç bir dəyişiklik yoxdur. Lakin Beynəlxalq Avtomobil Federasiyası bizdən xahiş etdi ki, onu daha təhlükəsiz etməkdən ötrü pit-leynin girişində dəyişiklik aparaq. Görək, bu dəyişiklik hansı nəticələrə gətirib çıxaracaq. Düşünmürəm ki, pilotlar pit-leynə səhvə yol verəcək şəxslərdəndir. Dəyişiklik indiki və əvvəlki hissələrdə edilib. Yəni, formaya bir qədər düzəliş edilib".
Qeyd edək ki, cari mövsüm "Formula-1" üzrə Azərbaycan "Qran-pri"si 10-12 iyunda keçiriləcək. 2016-cı ildə Azərbaycandakı ilk "Formula-1" yarışının qalibi olan Niko Rosberq ("Mercedes) Bakı trasındakı pit-leyn girişlərini ən qorxulu zonalardan hesab edib. "Formula-1"in sabiq direktoru Maykl Masi Rosberqin fikri ilə razılaşmayıb.