Yaxın keçmişin tanınmış ulduzlarından olan Ueyn Runinin çalışdırdığı ''Derbi'' acı sonluqla barışmalı olub.
Çempionşipdə mübarizə aparan bu komandanın son turun nəticələrinin ardından 1-ci liqaya, yəni 3-cü diviziona yuvarlanması rəsmiləşib. ''Derbi'' son oyunda KPR-in qonağı olub və 88-ci dəqiqədə buraxdığı qolla minimal hesabla yenilib. Sona 3 tur qalmış xilasedici zonadan 10 xal geri düşdüyü üçün bu kollektivin aqibəti rəsmiləşib. Qeyd edək ki, ciddi maliyyə problemi yaşayan və borclarını vaxtında ödəyə bilməyən ''Derbi''yə bu mövsüm 21 xallıq cəza verilmişdi. Komandanın belə desək, evini yıxan da məhz bu məqam oldu. ''Derbi''nin son 36 ildə ilk dəfə 3-cü diviziona yuvarlandığını bildirək. Komanda bu turnirdə sonuncu dəfə 1985/86 mövsümündə oynamışdı.