AFFA İntizam Komitəsi son iclasında "Kəpəz"i cərimələyib. Buna səbəb gəncəli azarkeşlərin “Turan Tovuz”la səfər matçında açdığı pankartdı.
Bu qərarı fanatlar birmənalı qarşılamayıb. İntizam Komitəsinin rəhbəri Erkin Hüseynov “Futbol+”ə açıqlamasında azarkeşlərin pankart açmaq üçün PFL-dən icazə almalı olduğunu deyib. Məgər indiyədək fanklublar buna görə PFL-dən icazə alıb? Ümumiyyətlə, azarkeşlərin buna münasibəıti necədi?
Nəriman Mahmudov (Red Black Army): "Bu günə kimi heç kimdən icazə almamışıq. Bu gündən sonra da icazə almaq fikrimiz yoxdu. PFL-ə burdan deyirəm ki, gedib bacarmadıqları işləriylə məşğul olsunlar".
Elnur Quliyev (İmarət): "İndiyədək açdığımız heç bir pankart üçün icazə almamışıq. Azarkeş pankart açanda niyə icazə almalıdı? Azarkeş azad olmalıdı. Fanat komandasını dəstəkləyir. Ona görə bəyənmədiyi fikirləri tribunadan səsləndirə bilər. Yaxud yazı formasında ya dəstəyini, ya da etirazını bildirir. Hansı səbəbi göstərərək bu qərarı veriblər? Dünyanın heç bir yerində belə qadağa yoxdu. Çox güman, burda AFFA-nı narahat edən məqamlar var. Çünki səsi TV-dən kəsə bilirlər. Amma görüntünü kəsə bilmirlər, kadra düşür. Yaxud hansısa saytlar bunu ictimailəşdirir və hər kəsin xəbəri olur. İnsanların AFFA-dan narazılığı böyük kütləyə çatmasın deyə bunun qarşısını belə almaq istəyirlər. Qərar absurd və gülməlidi".

Elnur Yusifov (Old Wolf) "Bu günə qədər kimsədən icazə almamışıq. Düzdü, gəlib baxırdılar. Maraqlanırdılar ki, bu nədi, mənası nədi? Ən çox "Sabah"ın stadionunda belə hala rast gəlmişik. Polislər soruşur yazdığımızın mənasını. Pankart açmaq üçün PFL-dən icazə almaq yaxşı hal deyil. Çünki kimsə boşuna yazmır, nəsə səbəb olur. Azarkeş azad olmalıdı. Xoş olmayan bir şeydi".
GÜNAY VƏLİYEVA