Qoxa “Səbail”də qalmaq istəməyib - AÇIQLAMA

17.04.2022 16:58 506
Ölkə futbolu
Mövsümün sonuna 5 tur qalmasına baxmayaraq, "Səbail" albaniyalı legioneri ilə yollarını ayırıb. Söhbət Yurgen Qoxadan gedir.

“Dənizçilər”in mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Ona azad agent statusu verilib. Xatırladaq ki, Qoxa ötən ilin yayından "Səbail"də çıxış edirdi və mövsümün sonuna qədər müqaviləsi var idi.

Yuxarıda qeyd etdiyimiz kimi, “Səbail”in “Zirə” ilə bu gün keçiriləcək oyununu nəzərə almasaq, mövsümün finiş xəttinə çatmasına cəmi 5 tur qalıb. Görəsən, “dənizçilər”in rəhbərliyi hansı səbəbdən mayın 21-ni gözləmədən albaniyalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməyi lazım bilib? Bu suala aydınlıq gətirmək üçün klubun icraçı direktoru Fərəc Əliyevlə danışdıq:

“Yurgen Qoxanın zədəli olduğunu bilirsiz. Müdafiəçinin diz qapağında problem var. Bu zədəni aradan qaldırmaq üçün əməliyyata ehtiyac var. Cərrah müdaxiləsindən sonra bərpa üçün də təxminən 2-3 ay lazımdı. Düşündük ki, onu əməliyyat etdirək və yenidən düşərgəyə qayıtsın. Ancaq özü ilə söhbət zamanı məlum oldu ki, qalmaq istəmir. Bizə Albaniyaya getmək istədiyini və əməliyyatı da orda etdirmək niyyətində olduğunu söylədi”.



Fərəc bəy komandanın artıq sabiq futbolçusunun əməliyyat xərcinin klub tərəfindən qarşılanacağını da vurğuladı:

“Bu elə əməliyyatdı ki, Bakıda da etdirmək olardı. Ancaq Yurgen vətəninə getmək istəyir. Əməliyyat xərcinə gəlincə, onu deyə bilərəm ki, futbolçu bizdən narazı ayrılmadı”.

Qeyd edək ki, “menisk” yırtığı - diz oynağının meniskopatiyası - diz oynağının zədələnməsi, gərilməsi və ya oynağın ikincili zədəsi nəticəsində özəlliklə futbolçularda və idmanla məşğul olan şəxslərdə rast gəlinən patoloji vəziyyətdi. Hansısa cəld hərəkətin nəticəsi kimi diz qapağının zədələnməsi və ya qopması baş verə bilər.

RƏŞAD