Növbəti dəfə zədələnən Covanni Reynanın aqibətinə aydınlıq gəlib.
“Borussiya”nın (Dortmund) yarmmüdafiəçisi bundesliqanın 29-cu turunun “Ştutqart”la oyununda (2:0) aldığı zədə səbəbindən 6-cı dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalmışdı. Bu zaman gənc futbolçunun göz yaşlarına hakim ola bilməməsi diqqətdən yayınmamışdı. Komanda yoldaşları ona təsəlli vermişdilər. Qeyd edək ki, Reyna bu mövsümün əvvəlində - sentyabrda da ağır zədə almış və 5 ay yaşıl meydanlardan kənarda qalmışdı. O, artıq qalan oyunlarda topa toxuna bilməyəcək.
Reyna zədəyə görə bu mövsüm bütün turnirlərdə 27 oyunu buraxmalı olub. Builki hədəfi həm də DÇ-2022-də oynamaq olan 19 yaşlı futbolçu ABŞ yığmasının keçirdiyi son 14 matçdan 4-də iştirak edə bilib.