"Sabah"ın futbolçusu Coy-Lens Mikels Azərbaycan çempionatları tarixində yüksək dəstədə ən çox qol vuran legioner adına şərik çıxıb.
"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, hücumçu bu göstəricidə gürcüstanlı Georgi Adamiyaya çatıb. Forvard buna "Zirə"ni beş cavabsız qolla məğlub etdikləri Misli premyer-liqasının 4-cü turunun oyununda het-trik etməklə nail olub.
Düzdü, Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vurub, amma onların hər ikisi millimizdə forma geyib.
Mikelsin 2-ci qolu onun premyer-liqada rəqib qapılarından keçirdiyi yubiley – 60-cı top olub. Almaniyalı hücumçu bu rəqəmi 61-ə də çatdırıb. Ölkəmizdə yalnız "Sabah"da çıxış edən forvard debüt etdiyi 2021/22 mövsümündən indiyədək keçirdiyi 113 oyunda buna nail olub.
Futbolçu həm də premyer-liqada vurduğu penaltilərin sayını 10-a çatdırıb. O, bu imkanların 9-dan yararlanıb.
Mikels Adamiyanın göstəricisini təkrarladı
Ölkə futbolu





