“Haas”da ehtiyat hissələr tükənib

10.04.2022 11:35 517
İdman
Xəbər verdiyimiz kimi, aprelin 10-da “Formula-1” üzrə dünya çempionatında Avstraliya mərhələsi keçiriləcək.


Yarış direktoru Nils Vittix bəyan edib ki, pilotlar pirsinqdən və metal bəzək əşyalarından istifadə edə bilməyəcək:

“Metal bəzək əşyaları və ya pirsinq taxmaq yasaqdı. Bu qaydaya əməl olunub-olunmadığı start ərəfəsində yoxlanılacaq”.


Vittix əslində bu mövzunu Səudiyyə Ərəbistanında keçirilən mərhələ zamanı da dilə gətirmişdi. Amma indi komandalara bununla bağlı rəsmi məktub göndərilib.

Son iki ildə koronavirus üzündən Melburn mərhələsinin təxirə salındığını nəzərə alsaq, builki yarış xüsusi maraqla gözlənilir. “Red Bull”un pilotu Maks Ferstappen ümid edir ki, Melburn trassının konfiqurasiyasındakı dəyişiklik sayəsində ötmələrin sayı artacaq:

“Avstraliya mərhələsini səbirsizliklə gözləyirəm. Çoxdan orda olmamışam. Melburnda həmişə yaxşı atmosfer olur. Trassın necə dəyişdiyini görmək maraqlıdı. Düşünürəm ki, əvvəlkindən kəskin fərqlənəcək. Xüsusə də tam dəyişən 6-cı döngə maraqlı olacaq. Bu məqam bizə ötmə əməliyyatları üçün daha geniş imkanlar yaradacaq. Yeni maşınımızın Melburnda “özünü necə aparacağı” maraqlıdı. Trass tozlu və çirkli ola bilər, ancaq ümid edirəm ki, mərhələ bizim üçün rahat keçəcək”.


Ferstappendən fərqli “Mersedes”in pilotu Corc Rassell komandanın yaxın gələcək üçün perspektivinə bədbin yanaşır:

“Düşünürəm ki, hər şey əsasən əvvəlki səviyyədədi. Hələ ki irəli addım atmağımız üçün hansısa əsas görmürəm. Şübhəsiz, hazırda çempionatın sürətə görə üçüncü komandasıyıq, özü də bu mənada 4-cü komandaya daha yaxınıq, nəinki 2-ci komandaya”.


2022 mövsümünün ilk yarışında finişə 4-cü çatan britaniyalı 2-ci mərhələdə 5-ci olub. “Mersedes” isə Mühəndislər kubokunda 38 xalla 2-ci pillədə qərarlaşıb.

“Haas”ın rəhbəri Günter Ştayner də maraqlı açıqlama verib. Bildiyiniz kimi, bu komandanın pilotu Mik Şumaher Ciddə mərhələsinin təsnifat yarışında bolidini divara çırpdığına görə start xəttinə çıxa bilməmişdi. Ştaynerin dediyinə görə, Mikin maşınının təmirindən sonra komandanın anbarında ehtiyat hissələr qalmayıb:

“Mexaniklərimizin işi asan olmadı. Ötən gecə komendant saatını da pozduq. Çünki cümə axşamına qədər maşın hazır olmalıydı. Əvəzində hər kəs görülən işdən razıdı. Həmişə daha çox ehtiyat hissə gətirmək lazımdı. Əlimizdə olan hər şeyi gətirdik. Ancaq daha şassı üçün ehtiyat detallarımız qalmadı. Pilotlar trassda ehtiyatlı davranmalıdılar. Əks halda yenə bir bolidlə yarışmalı olacağıq”.