Almaniya Futbol İttifaqı (AFİ) “Bohum” - “Borussiya” (Münhenqladbax) matçı ilə bağlı qərar verib.
Bundesliqasının 27-ci turunun martın 18-də keçirilən oyunu yarımçıq qalmışdı. 70-ci dəqiqədə, hesab 2:0 qonaqların xeyrinə olarkən hakim Benyamin Kortus oyunu dayandırmışdı. Buna tribunadan atılan pivə stəkanının yan xətt hakiminin başına dəyməsi səbəb olmuşdu. Laysman dərhal xəstəxanaya aparılmışdı.
AFİ-nin Nizam-İntizam Komitəsi (NİK) matçın bərpa olunmamasını və “Borussiya”ya 2:0 hesablı qələbə verilməsini qərara alıb. NİK-in məlumatında ev sahibi olan “Bohum”un əlavə sanksiyalardan qaça bilməyəcəyi qeyd edilir.