“Bəli, “Keşlə” martdan oyunlarını yeni adla Şamaxıda keçirəcək. Öz tərəfimizdən bu yeniliyi təsdiqləmişik. İndi UEFA-nın cavabını gözləyirik. Əsas məqsədimiz odu ki, “İnter” və “Keşlə”nin özünəməxsus tarixi itməsin və “Şamaxı” onun varisi kimi tanınsın”.
Bu təbirdən bir qədər sonra, daha dəqiq desək, martın əvvəlində qəzetimizə açıqlama verən AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov bunları bildirib:
“Premyer-liqa matçlarının bu şəhərdə keçirilməsi üçün UEFA-nın icazə verməsinə gərək yoxdu. “Keşlə”nin Şamaxıya nə vaxt köçəcəyini klubdan öyrənə bilərsiz. Burda lisenziyalıq nəsə yoxdu. Bizim göndərdiyimiz müraciət avrokubok matçları üçün lazımdı. Çünki UEFA-ya klubun Avropa turnirlərinə vəsiqə qazanacağı təqdirdə, 3 illik fəaliyyət göstərmək qaydasını istisna etməsi üçün müraciət etmişik. Premyer-liqa matçları PFL tərəfindən təşkil olunur. UEFA-dan bu məsələ ilə bağlı hansısa qərar gözləmək lazım deyil”.
Elçin bəyin sözlərindən belə başa düşmək olardı ki, “Keşlə”nin “Şamaxı” olması və yeni məkana üz tutması birbaşa PFL-dən asılıdı. PFL isə deyəsən, “Keşlə”nin ad dəyişməsinə və Şamaxıya köçməsinə razı deyil. Belə olmasaydı, “qırmızı-ağlar”ın “Sumqayıt”la martın 18-nə planlaşdırılan çempionat görüşü Şamaxı şəhər stadionu əvəzinə “ASK Arena”ya təyin olunmazdı.
Bəs nədi problem, “Keşlə” niyə yeni adla öncədən açıqlanan ünvana köçə bilmir? Bəlkə hava şəraitinə görə köç yubanır? Ancaq hava proqnozuna baxdıqda martın 18-də Şamaxıda oyunu keçirmək üçün qeyri-adi heç nə olmadığını görmək mümkündü. Martın 18-də havanın 0 dərəcə olacağı proqnozlaşdırlır ki, bunda da qeyri-adi heç nə yoxdu. Bəlkə matçın keçiriləcəyi stadionda çatışmazlıq var? Şamaxı şəhər stadionunun meneceri Elşad Hüseynov da bugünlərdə qəzetimizə açıqlamasında heç bir maneənin olmadığını, xırda çatışmazlıqları aradan qaldıracaqlarını söyləmişdi. Onu da əlavə etmişdi ki, hazırda bu yöndə son tamamlama işləri gedir.
PFL-in yeniliyə əks getməsinin arxasında nə durur? Bu suala cavab tapmaq üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Onun məsələyə reaksiyası belə oldu:
“Keşlə”nin Şamaxını təmsil edəcəyi haqda məlumatınız var. Bu yaxında da PFL-in əməkdaşları Şamaxı şəhər stadionunda olub, təftiş keçirilib, oyunun təşkili ilə bağlı yarana biləcək hər hansı problemlə bağlı müvafiq şəxslərə məlumat verilib.“Keşlə”nin Şamaxı şəhərini təmsil etməsi haqda məlumat saytımızda açıqlanan turun oyun cədvəlində qeyd olunacaq”.
Aslan bəy məsələyə konkret münasibət bildirmək əvəzinə ümumi sözlərlə kifayətlənməyi lazım bildi ki, bu da nə bizi, nə də “Şamaxı”nı Şamaxıda gözləyən azarkeşləri qane edə bilər. Heç şübhəsiz, bu məsələnin qaranlıq tərəfi var. Yoxsa hansı səbəbdən PFL AFFA-nın icraçı vitse-prezidentinin söylədiklərinin əksinə getsin, “Şamaxı”nın martda rayona köçməsinə əngəl olsun?!
RƏŞAD

