Premyer-Liqanın 19-cu turu çərçivəsində baş tutan “Neftçi” – “Sumqayıt” (2:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb.
"Football-plus.az" saytının məlumatına görə, mütəxəssis ilk növbədə matç haqda fikirlərini bildirib.
- “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Rəqibin irəli xətt oyunçularını vurğulamaq istərdim. Bütün oyun ərzində çox aktiv oynayıb, komandamızı təzyiq altında saxladılar. Növbəti dəfə məğlub olduq. Çox danışmaq istəmirəm.
- Bu gün istəyin ustalığa uduzduğunu düşünmürsüz?
- Rəqibin heyətində kifayət qədər yaxşı futbolçular var. Bunun da nəticəsini gördük. Oyun bir neçə amildən ibarətdi. Hər kəs bacardığını etdi. Ancaq hətta belə komandalara qarşı da xal, qələbə qazanmaq lazımdı.
- Rəqibin ikinci qola qədər çox çılğın görünürdüz. Bu, rəqibin kimliyi ilə bağlı idi, yoxsa xalsızlıq sizi təngə gətirib?
- Özümüzə rəqib seçə bilmərik. O vəziyyətdə deyilik. Xallar qazanmalıyıq. Bütün oyunlara sonuncu kimi çıxırıq. Emosiyalarım bununla bağlı idi.
- Rəqibləriniz sizi nə zaman qələbə münasibətilə təbrik edəcək?
- Düşünürəm ki, bu məqamda gəlib çatacaq. İndi peşəkarlığımızı qorumalıyıq. Qələbənin "resepti" budur. İnanıram ki, siz məni qələbəyə görə də təbrik edəcəksiz.