AFFA-nın Region Liqasında çıxış edən bəzi komandalara maliyyə dəstəyi göstərdiyi iddia olunur. Xüsusilə Şimal-Qərb regionunda çıxış edənlərin adı hallanır.
Bu zona üzrə 7 komanda mübarizə aparır ki, onlardan beşinin - “Energetik”, “Ağstafa”, “Şəki”, “Qoşqar UGİM-2” və “Gəncə”nin qurumdan hər ay 2000 manat yardım aldığı, “Karvan”la “Göyəzən”in isə diqqətdən kənarda qaldığı deyilir. Qeyd edək ki, “Energetik” qrup lideri kimi, “Karvan” isə 2-ci yeri tutaraq pley-offda oynamaq hüququ qazanıb, “Göyəzən” 4-cü pillədə qərarlaşıb.
Görəsən, həqiqətən AFFA Mingəçevir təmsilçisinə maliyyə ayırıb? Bu dəstək sayəsində “Energetik” qrup lideri olub? Ümumiyyətlə, qurumun bu komandanı 1-ci diviziona gətirmək istədiyi deyilir. Bütün suallara aydınlıq gətirmək üçün klub prezidenti Ruslan Həmidovla danışdıq.
- Deyilənə görə, AFFA hər ay “Energetik”ə 2 min manat maliyyə ayırır. Nə dərəcədə doğrudu?
- Bu xəbər həqiqəti əks edirmir. Belə pis çıxmasın, 4 ildi AFFA-dan 1 qəpik də görmürəm. Bizim komandanı ancaq top və forma ilə təmin edirlər. Şəhər camaatı, dost-tanışım olmasa, klub ayaqda qala bilməz. Bəzi iş adamları var ki, onlar bizə çox böyük kömək olurlar.
- Kimdi onlar?
- “MRT İnşaat”dan Vüqar Qədimov, “5+”dən Mais müəllim, iş adamı Arif Babayev, adının çəkilməsini istəməyən başqa şəxslər də var ki, klubun ayaqda qalması üçün əllərindən gələni edirlər. 4 ildi şəhərimizdə futbol olsun deyə, dəstək verirlər. Allah hamısının canını sağ etsin. Amma AFFA tərəfindən mənə 1 qəpik də verilməyib. Bu sözü deyirəm və arxasında da dururam. Kim nə deyirsə, boş danışır. Biz də onlara görə pis vəziyyətə düşmüşük. İş adamları deyirlər ki, AFFA sizə dəstək olur? Bu nə məsələdi belə? Onları güclə inandırmışam ki, vallah, elə şey yoxdu.
- “Energetik” Region Liqasının Şimal-Qərb zonasından qrup lideri kimi pley-offa vəsiqə qazandı. Yalnız iş adamlarının kiçik maliyyə dəstəyi ilə çempion olmağı hədəfləyirsiz? Bunu bacara biləcəksiz?
- Bu gün həmin şəxslər komandanın yaşaması üçün çalışır. Buna görə çox sağ olsunlar. Amma peşəkar kluba belə baxmazlar. Onlardan xahiş etmişik ki, bu mövsüm bizə dəstək olsunlar. Növbəti mövsüm üçün vədlər veriblər. Mingəçevir futbolu ilə bağlı yaxşı şeylər gözlənilir. Amma hazırda məqsədimiz fərqlidi. Qrup mərhələsinin ilk dövrəsi başa çatandan sonra demşdim ki, “Energetik”in hədəfi çempionluqdu. Allahın izni ilə buna nail olmaq istəyirik. Bunun istək olaraq qalmasını istəmir, sonda məqsədimizə çatmaq niyyətindəyik. Bu turnirdə bir dəfə final oynamışıq, növbə çempion olmaqdı. Düzdü, öncədən danışmaq düzgün deyil. İnşallah, bütün rəqiblərimizi məğlub edib, çempion olarıq. Bunun üçün vuruşacağıq.
- Növbəti mövsüm Mingəçevir futbolunu hansı yeniliklər gözləyir?
- Hələ ki real nəsə yoxdu. Sadəcə, yaxın günlərdə stadionun təmiri prosesi başlayacaq. Bu işi şəhər rəhbərliyi üzərinə götürüb. Qərar veriblər ki, stadion təmir olunsun. Tribunalar, paltardəyişmə otağı bərpa olunacaq. Bu yeniliklər haqda məlumatım var. İcra başçısı şəxsən bu işlərlə məşğul olacaq. Amma qalan şeylər barədə nəsə deyə bilmərəm.
- AFFA-nın yeni klub yaradıb 1-ci diviziona buraxacağı ilə bağlı xəbərlər yayılıb. Komandanın adının ya “Energetik”, ya da “Mingəçevir” olacağı deyilir. Rövşən Əhmədovun bu klubun Müşahidə Şurasının sədri olması gözlənilir. Bu haqda nə deyə bilərsiz?
- Biz də bu xəbərləri mediadan oxuyuruq. Elxan Məmmədov bura səfər edəndə böyük futbolu Mingəçevirə qaytarmaq istədiyini söyləmişdi. Bununla bağlı hansısa planları var. Amma mən bilmirəm. AFFA rəsmisi icra başçısı ilə də bu istiqamətdə söhbət edib. Bildiyim odu ki, Mingəçevir futbolunu yaxşı şeylər gözləyir. Şəhərimiz yenidən böyük futbola qayıdacaq.
İLKİN SULTANLI