“L'Equipe” iddia edir ki, “prinsiplərin daha anlaşılan, şəffaf və aydın olması üçün” “Qızıl top”un təqdimatı ilə bağlı qaydalara yenidən baxıla bilər.
İlk növbədə təqvim ilinin yox, tam mövsümün nəticələri nəzərə alınacaq. Belədə növbəti “Qızıl top” 2021/22 mövsümünün yekunlarına görə sahibini tapacaq. 2022-ci ilin dekabrında keçiriləcək dünya çempionatının nəticələri isə artıq 2023-ün ən yaxşı futbolçusunun seçimində nəzərə alınacaq. İkincisi, yalnız FİFA reytinqində ilk “100-lüy”ə daxil olan ölkələrin təmsilçiləri səs verə bilər ki, bu da Azərbaycanın avtomatik respondentlər siyahısından kənarda qalması deməkdi.
Bundan sonra həmçinin futbolçuların fərdi uğurlarına xüsusi diqqət yetiriləcək. Titullar və komandanın çıxışı 2-ci vacib aspekt olacaq, 3-cü yerdə isə futbolçunun səviyyəsi və “feyr-pley” prinsiplərinə sadiqliyi dayanacaq.
Fransanın “France Football” jurnalının hər təqvim ilinin ən yaxşı futbolçusuna təqdim etdiyi “Qızıl top” futbol dünyasında ən nüfuzlu fərdi mükafat sayılır.