Qurban Qurbanovun nadir “feyr-pley” nümunəsi dünya idman mətbuatının da gündəminə çevrilib.
Belə ki, məşhur xəbər saytları, sosial şəbəkə bloqları mütəxəssisin şəklini ədalət təmsilçisi adı altında paylaşaraq, davranışını alqışlayıb və onun kimi simalar çox olacağı təqdirdə bu idman növünün daha da gözəlləşəcəyini yazıb. Nüfuzlu saytların “Qarabağ”ın baş məşqçisi ilə bağlı paylaşdığı fikirlərdən və əcnəbilərin bu olaya reaksiyalarından maraqlı saydıqlarımızı təqdim edirik.
“Daily Mail” (İngiltərə): “Marsel”lə qarşı oyunda “Qarabağ”ın hücumçusu İbrahima Vaci heyrətamiz həndbol qolu vurdu və hakim bunu görmədi. O, Fransa klubuna mərkəzi göstərmişdi. Lakin Vacinin baş məşqçisi bu hərəkətin pis nümunə olduğunu futbolçusuna izah etdi və həqiqəti deməsini istədi. Bundan sonra oyunçu polşalı referiyə qolun qaydalar çərçivəsində vurulmadığını bildirdi”.
İngiltərəli oxucuların xəbərə reaksiyasına keçid alaq:
* Bu, indiyə qədər şahidi olduğum ən şərəfli idman jesti idi.
* Futbolçu, aydındı ki, uşaq yaşlarında Dieqo Maradona futbol akademiyasına qatılıb.
* Ona ədalətli oyun mükafatı verin, yoxdusa, onda belə bir mükafat yaradın!
* Belə hadisə premyer-liqada heç vaxt baş verə bilməz. Belə hərəkət edən oyunçunun məşqçisi rahatlıqla hadisəni görmədiyini iddia edərdi.
*Afərin, adam. Futbolda çox yalan və hiyləgərlik var. Ona görə də bir az dürüstlük görmək yaxşı oldu. Dünyaya ümidimiz artdı.
* Argentina millisinin baş məşqçiləri heç vaxt bu qədər dürüst olmayıblar.
* Klopp “mən bunu görmədim” deyərdi.
* Belə addım atılmamalıydı. Bu oyunun bir hissəsidi. Hakimin epizodu görməməsi onun günahı deyil. Çox dürüst olmağa ehtiyac yoxdu. Bu, sadəcə, oyundu. Qazanmaq üçün hər şey labüddü.
Espn.com (İngiltərə): “Ötən gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından “Qarabağ” - “Marsel” (0:3) görüşündə çox nadir hadisə yaşandı. 34-cü dəqiqədə meydan sahiblərinin futbolçusu İbrahima Vaci topu əli ilə Stiv Mandandanın qoruduğu qapıya göndərdi. Bunu görməyən referi yan xətt hakiminə yaxınlaşdı və onlar qol qərarını qəbul etdilər. Qərardan şoka düşən “Marsel”in oyunçuları qısa zamanda baş hakim Bartoş Frankovskinin üzərinə axışaraq sərt şəkildə etiraz etdilər. Polşalı həmin futbolçuları sarı vərəqələrlə cəzalandırdı. Oyunçular dayanmadan “Qarabağ”ın məşqçisi və futbolçularına qolun əllə vurulduğunu göstərdilər. Nəhayət, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vacini və komandanın kapitanı Maksim Medvedevi yanına çağıraraq, vəziyyəti həll etmək üçün addım atdı. Qısa məsləhətləşmədən sonra Qurbanov hücumçusundan qol vurarkən topu əli ilə idarə etdiyini rəsmilərə etiraf etməsini istədi”.
“The Sun” (İngiltərə): “Qarabağ”ın hücumçusu Vacinin “Marsel”ə həndbol qolu vurması heyrətamiz məqam idi. Lakin bundan da təəccüblüsü bu vəziyyətlə barışmayan Azərbaycan klubunun baş məşqçisi oldu. O, futbolçusundan hakimə gedib qolu əli ilə vurduğunu etiraf etməsini tələb etdi. Sözsüz, o günün adamı idi”.
Goalzz (İngiltərə): “İbrahima Vaci cümə axşamı Konfransı Liqasının cavab oyununda "Marsel"ə əli ilə qol vurduğunu hakimə etiraf etdi. Bununla da referi "Qarabağ"ın xeyrinə verdiyi qərarı dəyişməyə məcbur oldu. Bildiyiniz kimi, Çempionlar Liqası və Avropa Liqasından fərqli Konfrans Liqasında VAR-dan istifadə edilmir. Ancaq dünənki oyun göstərdi ki, yalnız həqiqəti deyən insanlar olduğu zaman doğrunun üzə çıxması üçün əlavə heç nəyə ehtiyac qalmır. “Marsel”in futbolçuları Vacinin voleybol zərbəsini yamsılayaraq hiddətlə etirazlarını bildirərkən, hakim onlardan üçünə sarı vərəqə göstərərkən, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusunu kənara çəkib əli ilə qol vurub-vurmadığını soruşdu, hücumçu "hə" dedi. Məşqçinin göstərişi ilə ev sahibləri hakimdən qolu ləğv etməyi xahiş etdilər. Nadir və təravətləndirici idman bacarığı idi. Vaci daha sonra baş hakim Frankovskinin yanına gedərək qolu əli ilə vurduğunu dedi. 10 dəqiqəlik gecikmədən sonra oyun “Marsel”in cərimə zərbəsi ilə davam etdirildi.
Qeyd edək ki, “Marsel” "Benfika"nın hücumçusu Vata tərəfindən 1990-cı ildə avrokubokların yarımfinalında səfərdə vurulan qollarla mübarizədən kənarlaşdırılarkən məşhur "şeytanın əli" qolunun qurbanı olmuşdu”.
MATÇ TV (Rusiya): "Hakimin səhvini "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov düzəltdi. Topu əli ilə vuran oyunçu ilə danışdı, daha sonra hər şeyi hakimə izah etdi və qol ləğv olundu".
SƏNƏM FƏRHADOVA