Afişa möhtəşəm, hava yaxşı, azarkeş çox... Və meydana bir qədər qəribə heyətlə çıxan, çempionluq uğrunda mübarizə aparan iki komanda... Valdas Dambrauskasın yalnız saatın tamamında Umarali Raxmonaliyev, Coy-Lens Mikels və Aleksey İsayevi meydana buraxması anlaşılan idi, axı cəmi 4 gündə “Sabah”ı “Slaviya” ilə ağır oyun gözləyir. Litvalı mütəxəssis Çexiya çempionu ilə oyuna 3 xal mənbəyi kimi baxmaqda haqlıdı. Oktyabrda çempionluğun taleyi həll olunmursa, nədən bütün qüvvəsini “Neftçi” ilə oyunda meydanda qoymalıydı ki?!
Və “Neftçi”... Və Yuri Vernidub... Adam Emin Mahmudova güvənmir, Bassala Sambu ilə münasibətlərini aydınlaşdırmağa çalışır, müqaviləni yeniləyəndən sonra “şişən” Freddi Varqasın “havasını almağa çalışır”. Həm də bütün bunların fonunda çempionla açıq oyuna girişmək dərəcəsində cəsarət sahibidi. “Neftçi” əməllicə “artırıb”, birinci dövrədəki ən böyük sınaqlarından birində əyilmədi, sona qədər mübarizə apardı, hətta bu gün qələbə də qazana bilərdi. Amma irəlidə hələ “Qarabağ” var və mənə elə gəlir ki, məhz həmin oyundan sonra “ağ-qaralar”ın yubiley ilində çempionluğa nə dərəcədə iddialı olması haqda daha dəqiq fikir söyləyə biləcəyik.
Nazim Süleymanov demişkən, futbolun meyvəsi qoldu. Bu gün heç kim “meyvə dərmədi”, amma oyunun axarı, gərginliyi, hərarəti hər dəqiqə hiss olundu. Müəyyən zaman kəsiyində ehtirasların heç cür sakitləşməməsi də bunun nəticəsi idi. “Sabah” son illərdəki uğurlarıyla Bakının ağası olduğunu sübut etmək yolunda böyük məsafə qət edib. Amma “Neftçi” də var, diridi, yora bilməz yollar onu. Çox güman, bizi irəlidə elə bu “Neftçi”nin, “Sabah”ın, “Qarabağ”ın iştirakı ilə çox-çox maraqlı oyunlar gözləyir. Sırf indiki duruma əsasən mülahizə yürütsək, ağdamlılar bazar günü “İmişli”ni məğlub etməklə zirvəyə şərik ola bilər. Əsl tamaşa ondan sonra başlayacaq!
Bəli, “Neftçi” son 10 dəqiqədə daha fəal təsir bağışladı, amma ağ-qara rənglərə könül verən azarkeşlər də razılaşar ki, bugünkü oyunun ədalətli nəticəsi heç-heçə idi. Təki ədalət həmişə zəfər çalsın!
ORXAN
“Qarabağ” üçün heç-heçə! – derbidən doyduqmu?
Ölkə futbolu






