"Sevindim ki, üç gün ərzində futbolçular toparlandılar, özlərinə inandılar" - Ayxan Abbasov

4.10.2026 20:10 36
Ölkə futbolu / Manşet
Millimiz Millətlər Liqasının D Liqasında Bakıda Litvanı məğlub etdi - 1:0.

"Football-plus.az" xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Bilirdik ki, oyunların hamısı çətin olacaq. Buna hazırlaşmışdıq. Əsas odu ki, ciddi zədəmiz olmadı və heç bir matçda uduzmadıq. Lixtenşteynlə görüşdən sonra bu görüşə hazırlaşmaq çətin idi. Bəlkə də o oyunda qalib gəlib, bu matçda uduzsaq, qələbənin əhəmiyyəti itəcəkdi. Bərabərlik bizi çox üzmüşdü. Futbolçularda inamsızlıq görünürdü. Sevindim ki, üç gün ərzində futbolçular toparlandılar, özlərinə inandılar. Rəqib də bura möhkəm gəlmişdi. Güclər bərabər idi. Meydançada çox hadisə oldu. Gənc futbolçular ilk dəfə oynadılar, təcrübəlilər daha da yaxşı çıxış etdilər. Komanda uduzmaq istəmirdi, xarakter göstərdi. Çoxdandı ki, vəziyyət belə deyildi. İnanıram ki, noyabrda rəsmi matçda məğlub olmadan bu ili başa vuracağıq.

- Bədavi 35 yaşda olmasına baxmayaraq, sona qədər mübarizə apardı. Mahir son saniyəyə kimi müdafiəyə kömək etdi. Bəs, Vüsalın məqsədi nə idi?
- Çətin sınaqlardı. Məşqçi üçün böyük təcrübə, böyük roldu. İnanın hərdən öz-özümə fikirləşirəm ki, başqa cür olmuşam. Əsas meydançada patriot olmaqdı. Bədavi hər iki matçda çox yaxşı çıxış etdi. Ancaq nə qədər yaxşı hallar olsa da, çatışmayan cəhətlər var. İkinci qolu vura bilərdik. Millidə işə başlayanda futbolçulara deyirdim ki, cərimə meydançasına çata bilmirik. Son matçlarda cərimə meydançasının içində top itiririk. Vaxt lazımdı. Bəlkə də bu gün həyəcan üzündən səhvlər oldu.

- Rəqibin baş məşqçisi bildirdi ki, VAR bütün qərarları Azərbaycanın xeyrinə verdi. Siz bu haqda nə düşünürsüz?
- Birinci oyunda litvalı futbolçu Emil Səfərovun ayağını tapdalasa da, VAR müdaxilə etməmişdi. Bəlkə biz səfərdə də qalib gələcəkdik. Bunları heç bəhanə etmədik. Baş məşqçi oyundan sonra nəsə deməlidi, o da belə danışıb. Mən də hərdən danışıram.

- Orucu start heyətində meydana buraxmağınız yaxşı mənada gözlənilməz oldu və fərqli mövqedə oynadı. Bu nəyə hesablanmışdı?
- “Şamaxı”da Orucu bu mövqedə sınamışam. Bilirdim ki, oynaya bilər. Biz heyət qurmaq üçün çox fikirləşdik. Dünən gecə hələ qərar verə bilməmişdik. Hər kəs yorğun olsa da, oynamaq istəyirdi. Renatın ağrıları var idi, amma dedi ki, kömək etmək istəyirəm. Orucu qazandıq. Bilirəm ki, risk idi. Uduzsaq, suallar olacaqdı ki, belə ağır oyunda Oruca nəyə görə güvəndiz? Gənc futbolçulara güvənməsək, harda oynayacaqlar? Rüfət Abbasov, Oruc Məmmədov və başqaları... Yavaş-yavaş qazanırıq.

- Lixtenşteynlə oyundan sonra demişdiz ki, müqavilənizin müddəti qışa qədərdi. Bu qələbə millidəki gələcəyinizə nə dərəcədə təsir edəcək?
- Vallah o barədə fikirləşmirəm. Əvvəl turnir bitməlidir. Ardından veriləcək qərarla razılaşacağıq. Millidə cəmi bir oyun baş məşqçi olmaq da mənim üçün şərəfdi. Sağ olsunlar, mənə güvəndilər. Ağır yük, yol idi. Hər dəfə bu söhbətin təkrarlanması mənim üçün yaxşı hal deyil. Rəhbərlik Fransa millisi ilə oyundan əvvəl mənə inandı. Onda hələ U-21 yığmasında çalışırdım. Məncə, hansısa problem olmayacaq. Müqavilə müddəti bitdikdən sonra artırılmasa da, Azərbaycan millisində çalışmaq mənim üçün şərəfdi.

- Lixtenşteynlə görüşdə xal itirən yığmanı bu qələbədən sonra bağışlamaq olar?
- Futbolçulara da demişdim ki, Lixtenşteyni udmağa məcbur idik. Həmin oyunda sönük olsaydılar, oyuna ciddi yanaşmasaydılar, başqa cür danışardım. Həyəcanlı idik...Çox istədik... Qəza idi... Biz də özümüzdən güclü komandalarla bərabərə qalmışıq. Mənim üçün bu qarşılaşma vacib idi. Komanda olaraq məsuliyyəti dərk etdik. Azarkeşlər millidən qələbə istəyir. Az olsa da, onları sevindirdik.