Çox yaxın keçmişdə Azərbaycan millisi heyəti ulduzlarla zəngin olan Portuqaliyaya uduzduğuna görə tənqid edilirdi. Həmkarlarımızdan biri AFFA-nın və millimizin müdafiəsinə qalxmış və tənqidçilərə belə bir sual ünvanlamışdı: “Millimiz neynəməliydi? Portuqaliyaya qalib gəlməliydik?!” Portuqaliyaya uduzan futbolçularımızın ahı indi bizi utub. Bir vaxtlar Portuqaliyaya məğlub olduğuna görə qınadığımız milli komandamız bu gün Litva ilə oyunda məğlubiyyətdən qurtulub, bir xal qazanmasına görə sevinir. Taleyin əsl istehzası belə olur, əzizlərim.
Az qalıram indi həmin sualı mən özüm özümə, həm də millidən qələbə tələb edənlərə, onu qınayanlara verim. Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız neynəməliydi, Kaunasda Litvanı udmalıydı? Həmin Litva yığması səfərdə Lixtenşteyni məğlub edib və bizimlə qarşılaşmaya qrupun lideri kimi çıxmışdı. Özü də adamlar doğma meydanda, azarkeşlərinin dəstəyini hiss edərək oynayırdılar. Düzdü, onların sayı elə də çox deyildi. Amma olsun. Hər halda, “doğma divarlar” Litvanın tərəfində idi və zaman-zaman bu dəstək hiss ediləcək qədər artırdı, azarkeşlərin səsi televiziya ekranlarından evimizə qədər gəlirdi.
Biz hansı günümüzə millimizdən Litva ilə oyunda qələbə tələb edib, qollu heç-heçəyə ağız büzürük? AFFA bir ətək pul töküb, milli komandanı oyundan üç gün əvvəl səfərə aparmışdı. Özü də çarter reysi ilə. Gözümlə görməsəm də, əminəm ki, Kaunasın ən yaxşı otellərindən birində Azərbaycan millisinin futbolçuları və AFFA rəsmiləri məskunlaşıb. Daha Kaunas da Gəncə deyil ki, cəmi bir dənə beşulduzlu oteli olsun. Bilirsiz ki, bu səfərdə millini yetərincə azərbaycanlı jurnalist müşayiət edirdi. Onların səfər zamanı yazıb, paylaşdıqlarından belə başa düşdüm ki, həm Kaunas, həm də Vilnüs şəhəri yaşıllıqlarla zəngin, təbii gözəlliklərini, eləcə də tarixi abidələrini qoruyan şəhər simasındadı. Bizim Bakıda və digər böyük şəhərlərimizdə isə hər gün ağaclar kəsilir, tarixi binalar sökülür, yerində “göydələnlər” inşa edilir. İndi deyirsiz ki, biz gedib Litvanı səfərdə məğlub edək, bu gözəllikləri qoruyanların üzülməsinə səbəb olaq?!
Litva basketbolda hələ SSRİ dövründən öz sözünü deyib. İndi də belədi. “Jalgiris” Avropanın güclü basketbol klublarından sayılır, böyük turnirlərdə sözünü deməyi bacarır. İllərlə özümüzü aldatmışıq ki, futbolumuz Litva futbolundan güclüdü. Elə bu düşüncə tərzi ilə indi Litvaya yuxarıdan aşağı baxmağa çalışırıq. Amma Kaunasdakı 90 dəqiqə bunun əksini göstərdi. Məğlubiyyətdən qaçıb, bir xala sevinən tərəf biz olduq. Bizim Litva çempionatında özünü göstərib, qızıl medal qazanan futbolçumuz varmı? Təbii ki, yoxdu. Lakin litvalı hücumçu Robertas Poşkus Azərbaycan çempionu adını qazanıb. “İnter”in heyətində forma geyən Poşkus özünü əsl hücumçu kimi göstərmiş, 52 oyunda “bankirlər”in heyətində meydana çıxıb, 17 qol vurmuşdu. Onun bu qolları “İnter”in çempion adını qazanmasında əhəmiyyətli rol oynamışdı. Robertas 33 yaşında “Simurq”un da şərəfini qoruyub, 8 qol vurub. Biz onun adının qarşısına kimin adını yazıb, öyünə bilərik?
Digər litvalı Valdas Dambrauskas da Azərbaycan futboluna möhür vurmağı bacarıb. “Sabah”ın baş məşqçisi kimi premyer-liqada rəqib tanımayan Dambrauskas ortaya əməlli-başlı iş qoyub. Ötən mövsüm həm çempionluğu, həm də ölkə kubokunu qazanan mütəxəssis “Sabah”ı Çempionlar Liqasının liqa mərhələsinə yüksəltməklə bütün dünyanın diqqətini öz üzərinə çəkməyi bacarıb. Bizimkilər də Dambrauskasın uğurlarına həsədlə baxır. İndi biz də Dambrauskasın, Poşkusun elədiklərini gözardı edib, bizim millinin Kaunasda Litvanı üstələməsini arzulayırdıq. Kiminlə, hansı qüvvəylə, dostlar? Ona görə də əvvəl öz gücümüzü, futbolumuzun vəziyyətini düzgün qiymətləndirək, sonra başqalarına baxış bucağımızı müəyyənləşdirərik. Bunu edəndən sonra özümüzdən aşağıda kimisə tapsaq, ona yuxarından aşağı baxmağa başlayarıq.
AMAL
Dambrauskas, Poşkus və başqaları - KÖŞƏ
Manşet / Yazarlar






