“Siti bu cür oyunla çempion olmayacaq” – “Arsenal”ın sabiq üzvü nəhənglərin oyununu dəyərləndirdi

25.09.2026 18:42 18
Dünya futbolu
“Arsenal”ın sabiq üzvü Pol Merson premyer-liqanın son çempionunun “Brayton” önündə aciz duruma düşməsi, eləcə də “Mançester Siti”nin “Sanderlend”dən 3 top buraxması haqda diqqətçəkən ifadələr işlədib.

Son dönəmlərdə futbol eksperti kimi çalışan 58 yaşlı Merson bunları deyib:

“Mənə maraqlıdı, Mikel Arteta mərkəzdə Maylz Lüis-Skellinin yerinə Bruno Gimaraynşı start heyətində oynatdıqda nəyə ümid bəsləyirdi? Onun planı nə idi? Bəlkə düşünürdü ki, “Brayton” həftəiçi “Manester Yunayted”ə qarşı oyun keçirdiyindən daha tez yorulacaq? Bir məqam dəqiqdi ki, onun planı baş tutmadı. “Brayton” həm fiziki cəhətdən rəqibini üstələdi, həm meydanın mərkəzində ağalıq etdi, həm də “Arsenal”ı dağıtdı. Bruno əla oyunçudu. Yüksək intellektə və ötürmələrə malikdi. Amma onun oyunu yalnız komanda topa sahib olanda gözə batır. Topa sahib olmadıqda və ya rəqib fiziki cəhətdən güclü olduqda Gimaraynşın keyfiyyətləri işə yaramır. Hərçənd rəqib sənə düşünmək üçün vaxt verirsə, belə oyunda hətta mən də bu yaşımda çıxıb oynaya bilərəm. Amma “Brayton” “Arsenal”a göz açmağa imkan vermədi. Onların haqqını vermək lazımdı. “Brayton” güclü komandadı. Bu nəticə premyer-liqada turnir cədvəlindəki mənzərəni bir qədər dəyişdi. Açığı, bu mövsüm “Arsenal”ın asanlıqla çempion olacağını, ciddi səhvlərə yol verməyəcəyini düşünürdüm. Amma “Mançester Siti” qalib gəlsə də, oyununu bəyənmədim. “Siti” belə oyunla çempion olmayacaq. Çünki yalnız çoxlu qol vurmaqla çempion olmaq mümkün deyil. Premyer-liqada belə futbol oynamaq düzgün deyil. Top-rəqiblər səni mütləq cəzalandıracaqlar. Açıq danışsaq, “Sanderlend” bizim futbolda heç də ən məhsuldar klublardan sayılmır. Amma “Ettihad”da 3 qol vurdu. Hətta bundan da çox vura bilərdilər. “Siti” hücumda yaxşı təsir bağışladı. Amma müdafiədə əsl xaos hökm sürürdü. Gec-tez iddialı komandalarla dueldə belə zəif müdafiə xətti komandaya problemlər yaradacaq. Entso Mareskanı “Çelsi”dəki dönəmindən gözəl xatırlayırıq. Düşünmürəm ki, 5:3 hesabı onun xoşuna gəldi. O, xaosu xoşlayan məşqçilərdən deyil. Deyə bilərsiz ki, “Siti” ötən həftə “Old Trafford”da “Mançester Yunayted”i də məğlub etdi. Amma bəzən 10 futbolçu ilə oynamaq asan olur. Həmin derbidə hətta bərabər heyətlərlə oynadıqda belə “Siti” “Yunayted”dən üstün görünmürdü. Azlıqda qalandan sonra bəzən bütün komanda ilə geri çəkildikdə rəqibin təzyiqi azalır. Həm müdafiədə, həm də yarımmüdafiədə 4 futbolçu qoyub, irəlidə yalnız Holannı saxladıqda belə sistemi yarmaq çətin olur”.