“Holiday-İn” otelində keçirilən mərasimdə elita klublarının 2-ci təsnifat mərhələsində qarşılaşacağı rəqiblər də məlum oldu: “Şimal” – “Araz-Naxçıvan”, “Qəbələ” – “Mingəçevir”, “Kəpəz” – “Baku Sportinq”, “Səbail” – “Zirə”. Bu cütlərdə 1-ci liqa təmsilçilərini çətin matç gözləyir.
Bəs adı çəkilən 1-ci liqa təmsilçiləri püşklə bağlı nə düşünür? Turu keçə biləcəklərmi?
“Football-plus.az” bu suallarla klubların mətbuat katiblərinə müraciət edib.
Emin Zeynallı (Baku Sportinq):
“Əlbəttə, “Kəpəz” çox güclü rəqibdi. Premyer-liqa ilə 1-ci liqa arasındakı səviyyə fərqindən danışmağa, yəqin ki, ehtiyac yoxdu. Çox çətin oyun olacaq. Mövsümə pis başlasaq da, kubok oyununa qədər komandanın sabit vəziyyətdə olacağına inanıram. Hədəfimiz Azərbaycan kubokunda bacara bildiyimiz qədər ən yaxşı çıxışı nümayiş etdirməkdi. "Kəpəz"i adlayacağımız halda yenə bizi daha çətin rəqib olan "Turan-Tovuz" gözləyir. Kubokda işimiz bu mövsüm çətin olacaq”.
Elnur Qasımov (Mingəçevir):
“Kubokda rəqibimiz “Qəbələ” oldu. Liqalar arasında fərq çox böyükdü. Amma inamımız sonsuzdu”.
Rəşad Məmmədov (Səbail):
“Zirə”nin gücü hər kəsə məlumdu və bu barədə əlavə fikir bildirməyə ehtiyac yoxdu. Digər məqam isə 1-ci liqa klubları ilə premyer-liqa klubları arasındakı fərqdi ki, bu da qarşılaşmalarda özünü açıq şəkildə göstərən amillərdəndi. Buna baxmayaraq, sona qədər mübarizə aparacağıq. Əsas istəyimiz layiqincə mübarizə nümayiş etdirərək yaxşı nəticə qazanmaqdı”.
İSRAYIL XEYRULLAYEV






