“Qarabağ” Bəhlulu gizlicə əməliyyat etdirdi – atası son durumunu açıqladı

16.09.2026 17:57 162
Ölkə futbolu / Manşet
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin bu ilin martında əməliyyat olunduğunu yazmışdıq. Buna müdafiəçinin ötən mövsüm Çempionlar Liqasının pley-offunda “Nyukasl”la keçirilən oyun zamanı sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəb olmuşdu.

İş ondadı ki, sonradan Bəhlulun sağlamlıq durumunda yenidən narahatlıq yaranıb. Bu barədə “Football-plus.az”a oyunçunun atası Ələmdar Mustafayev məlumat verib. Onun sözlərinə görə, müdafiəçi növbəti dəfə əməliyyat edilib. Cərrahi müdaxilə Finlandiyada gerçəkləşib. Atasının fikrincə, Bəhlulun bərpa prosesi 3 həftə çəkə bilər. O, hazırda Bakıdadı.

Görünür, “Qarabağ” Bəhlulun durumu ilə bağlı ictimaiyyəti məlumatlandırmağı lazım bilməyib.

Xatırladaq ki, uzun müddət yaşıl meydanlardan kənarda qalan müdafiəçi yeni “futbol ili”ndə cəmi bir matçda şans qazanıb. O, Misli premyer-liqasının 1-ci turunda “Şamaxı”ya qarşı oyunda 16 dəqiqə meydanda olub.

KƏNAN BAHADIR