Misli premyer-liqasının 5-ci turunda “İmişli” “Neftçi”ni Yevlax şəhər stadionunda qəbul edib. Dramatik süjet xətti, 5 qol izlədik, meydanda yetərincə maraqlı mübarizə getdi. Bu oyunla bağlı müsbət təəssürat elə bundan ibarətdi. Çünki...
Neqativ məqamlardan danışarkən, heç şübhəsiz, ilk növbədə oyunun başlama saatını qeyd etmək lazımdı. Yayın hələ davam etdiyi və havanın hərarətinin 28 dərəcə olduğu vaxtda, günün ən isti saatlarından birində – 16.30-da oyunun başlaması həm futbolçular, həm stadiondakı azarkeşlər, həm də qarşılaşmanı televiziya vasitəsilə izləyənlər üçün müəyyən narahatlıq yaradırdı. Soruşacaqsız ki, istinin televiziya tamaşaçısına nə dəxli? Bir qədər sonra biləcəksiz.
Oyunun canlı yayını bərbaddan da bərbad idi. Günəş şüaları elə effekt yaradırdı ki, heç təkrar zamanı da meydanda yaşananları ayırd etmək olmurdu. Hətta qarşılaşmanı yerindən şərh edən Ramiz Mirzəzadə də bəzi epizodlarda futbolçuları seçməkdə çətinlik çəkir, imkan daxilində ad çəkməkdən yayınırdı. Onun stadionda görə bilmədiyini biz mavi ekranda necə görə bilərdik? Yəni Günəş şüalarının müşayiət etdiyi yayın çox keyfiyyətsiz idi.
Digər önəmli məqam meydançanın vəziyyətidi. Əvvəlki illərlə müqayisədə rəqabətin daha da artdığı çempionatda matçların süni və keyfiyyət baxımından həvəskar səviyyəyə yaxın qazonda keçirilməsi həm futbolçulara, həm də oyunun keyfiyyətinə mənfi təsir göstərir. Xüsusilə yüksək tempdə keçən qarşılaşmalarda qazonun vəziyyəti futbolçuların texniki imkanlarını nümayiş etdirməsinə və oyunun sürətinə təsir edir.
Yayın keyfiyyətinə gəlincə, mövsümün əvvəlində çəkiliş keyfiyyətini artırmaq məqsədilə “CBC Sport”un hər matçı minimum 8 kamera ilə çəkdiyini qeyd etmişdik. Lakin “İmişli” – “Neftçi” qarşılaşmasında kameraların sayından daha çox, onların imkanları və görüntünün yadda qaldı. Sürətli əks-hücumlar zamanı görüntünü izləmək göz yorurdu, top uğrunda mübarizələrdə isə topu aydın şəkildə görmək çətinləşirdi. Əsas rakursdan görüntü verən kamera da sürətli hücumların tempinə tam çatmırdı. Nəticədə ekran qarşısında əyləşən tamaşaçı üçün matçın bəzi epizodlarını izləmək çox müşkül işə çevrilirdi.
Azərbaycan futbolunda və xüsusilə elitada keyfiyyətin artırılmasını istəyiriksə, bu kimi problemlər aradan qaldırılmalıdı. Çempionat yalnız mərkəzi qarşılaşmalardan və böyük stadionlardan ibarət deyil. Üstəlik söhbət “Neftçi” kimi çempionluğa iddialı komandanın iştirakı ilə keçirilən qarşılaşmadan gedirsə, bu məqamlar daha ciddi əhəmiyyət daşıyır. Liqanın səviyyəsini yüksəltmək üçün təkcə futbolçuların və komandaların yox, matçların keçirildiyi meydançaların və teleyayının keyfiyyətinə də diqqət yetirmək vacibdi.
İSRAYIL XEYRULLAYEV
“CBC Sport”un çəkilişi oyuna baxmağa imkan vermir - Yevlaxdakı matçın acı xatirəsi
Ölkə futbolu / Manşet





