Çempionlar Liqası
liqa mərhələsi, 1-ci tur
Mançester Yunayted (İngiltərə) – Sabah
10 sentyabr. Mançester, “Old Trafford”. Saat 23.00.
Bəli-bəli, ötən mövsüm “Qarabağ” sayəsində yaşadığımız futbol bayramını bu dəfə bizə “Sabah” bəxş edib. Düzdü, “bayquşlar”ın liqa mərhələsindən daha irəli gedib-getməcəyini hələ bilmirik. Ancaq arzumuz, təbii ki, bu komandamızın da boyundan bir yox, bir neçə addım yuxarı tullanmasıdı. Hər halda, bu gün heç nə Valdas Dambrauskasın komandasının keçirəcəyi oyunlardan zövq almağımıza, necə deyərlər, anın dadını çıxarmağımıza mane ola bilməz. Çünki “Sabah” onsuz da nəinki klub, hətta ölkə futbolunun tarixinə çox ciddi uğur yazdırıb.
Rəqiblərin nə dərəcədə güclü olduğundan da xəbərdarsız. Rəqiblərdən 6-sı “böyük beşlik” təmsilçisidi və xəbər verdiyimiz kimi, artıq “bayquşlar”ın həddən artıq ciddi sınaqlarla üz-üzə olduğunu təkcə biz yox, bir sıra tanınmış media qurumları da vurğulayıb. Qarşıdan məhz həmin komandalardan biri - “Mançester Yunayted” ilə oyun gəlir. Təbii ki, rəqibin xüsusi təqdimata ehtiyacı yoxdu. Axı Mançester təmsilçisi təkcə zəngin tarixi, titulları, əfsanəvi futbolçuları ilə yox, həm də “Old Trafford” stadionu ilə birgə dünya futbolunun rəmzlərindən biridi. Heç şübhəsiz, minlərlə futbolçu məhz bu stadionda meydana çıxmaq, azarkeşlərin yaratdığı atmosferi ən dərindən hiss etmək, bu rəqiblə qarşılaşmanın dadına baxmaq arzusuyla alışıb-yanır.
Yəqin ki, hazırda ən nikbin “Sabah” azarkeşi belə komandasının tarixində 300-cü ÇL (ÇK) oyununa çıxacaq MY-dən xal və ya xallar alacağını düşünmür. Xoşagəlməz səslənsə də, mümkün qədər abırlı məğlubiyyət gözləyənlərin sayı çoxdu. İş ondadı ki, ötən mövsüm “Qarabağ” da belə durumla üzləşmişdi. Heç kim “köhlən atlar”ın liqa mərhələsində 10 xal toplayacağını, 36 komanda arasında 18-ci yerdə qərarlaşacağını gözləmirdi. İndi isə həmin möcüzəni “Sabah”dan gözləyirik. Bəli, avrokubok təcrübəsi baxımından ağdamlılar “bayquşlar”dan xeyli irəlidədi. Lakin bu komandanın ən mötəbər beynəlxalq klub turnirinin liqa mərhələsinə yüksəlmək şansı da azı həmin dərəcədə möcüzəyə bərabər idi...
KƏNAN BAHADIR
“Old Trafford”da möcüzə gözləntisi... - YENİLƏNİR
Avrokuboklar / Manşet






