“Mançester Yunayted” – “Sabah” matçının biletləri satışda: nələr var, nələr...

1.09.2026 16:56 17
Aktual / Avrokuboklar
Məlum olduğu kimi, Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah” sentyabrın 10-da ilk oyununa çıxacaq. “Bayquşlar” “Old Trafford”da “Mançester Yunayted”in qonağı olacaq.

“Football-plus.az” xəbər verir ki, oyunun biletləri artıq satışa çıxarılıb. Ən ucuz biletin qiyməti 63, ən bahanın qiyməti isə 299 avro təşkil edir. Biletlərin böyük hissəsi artıq satılıb. Bununla yanaşı, “qırmızı şeytanlar” qarşılaşma üçün VİP sektor və stadion daxilindəki restoranlara da qeydiyyatı açıq elan edib.

Belə ki, VİP “Icon” tribunasında matçı izləmək istəyənlər üçün biletin qiyməti 1200 avro, “The Trophy” VİP paketinin qiyməti isə 600 avro təşkil edir.

Bundan başqa, “Old Trafford”da yerləşən restoranlarda da matç günü üçün rezervasiya imkanları açıqdı. “Triple Suite”də yerin qiyməti 325, “Red Café”də isə 199 avro təşkil edir.

“Sabah”ın “Mançester Yunayted”lə İngiltərədə keçirəcəyi qarşılaşmanı izləmək istəyən azarkeşlər üçün adi tribunalardan tutmuş VİP paketlərə qədər yetərincə geniş seçimlər var.

İSRAYIL XEYRULLAYEV