“Təhlükə hesabda öndə olmağımızdı” - Qurban Qurbanov

26.08.2026 14:10 4
Avrokuboklar / Manşet
“Qarabağ” sabah Konfrans Liqasının pley-offunun cavab görüşündə “Tvente”ni qəbul edəcək.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirdi.

– Öncə “Sabah”ı təbrik edirəm. Çempionlar Liqasının Bakıda olması xoş oldu. Özümüzə gəlincə, “Tvente” çətin rəqibdi. Maraqlı oyun, hər iki komandanın maraqlı gedişləri olacaq. Şanslarımızdan istifadə etməyə çalışacağıq.

– “Qarabağ” ilk oyunda səfərdə qalib gələndən sonra yalnız bir halda mübarizəni dayandırıb. “Tvente” sizə qarşı bu qədər çətin rəqibdi?
– Bunu dəyərləndirmək çətin olar. Asan cavab veriləsi sual deyil. O vaxt fərqli komandamız var idi. Rəqibdən çox özümüzü dəyərləndirmişəm. Biz bu matça hazırıqmı? Sağlam olmayan bir neçə futbolçumuz var. Futboldu, hər şey ola bilər. Səfərdə qalib gəlsək də, hamımız oyuna fokuslanmışıq. Həddən artıq diqqətli olmalıyıq. Rəqibin potensiallı hücumçuları var. Çalışacağıq ki, onların qarşısını alaq.

– İndiyə kimi üç yerli futbolçumuz pley-off mərhələsini adlamaq üçün qələbə qolunu vurub. Bəhlul, Nəriman, Tellur… Azərbaycanlı futbolçuların qol vurması təsadüfdü, yoxsa xarakter?
– Bəlkə də bu, onların alın yazısıdı. O uğurlardan danışanda onların da adı çəkiləcək. Bu, sevindirici haldı. Hər futbolçunun üzərinə düşən yük var. Onlar da bu şəkildə həmin işi görürlər. Bəzi futbolçular az matça çıxır, amma unudulmurlar.

– Səfərdən bir qolla öndə dönmüsüz. Sizin üçün təhlükə nə ola bilər?
– Təhlükə öndə olmağımızdı. Rəqib bütün potensialını göstərə bilər. Təhlükə gözləmirik. Sadəcə, özümüz vacibik. Mənim üçün maraqlı futbol oynayırlar. Mən də belə oyunu sevirəm. Düşünülmüş addımlar atırlar. Maraqlı olacaq.

– Siz gənc futbolçularla işləməyi sevirsiz. Hikmət Cəbrayılzadə ilə Əli Bəşirov oyun uzanarsa, qarşılaşmanın ağırlığını daşıya bilərlər?
– Məncə, Hikmətdə problem olmaz. Uzun müddətdi bizimlədi. Matçlara çıxıb. Əli üçün bir az risk olar. Yenə də məcbur olsaq, meydana buraxmağa hazıram. Biz özümüz də səhvlər etmişik, bu səviyyəyə çatmışıq. Oyunun gedişində lazım olsa, meydana buraxacağam.

– Niderland futbol ölkəsidi. İlk matçdan sonra ciddi hazırlaşacaqlar, dəyişikliyə gedəcəklər. Bəs “Qarabağ”?
– Dəyişikliklər olacaq. Amma inanmıram ki, rəqib də dəyişikliyə getsin. Onların səhvlərini təhlil etməyə 1 həftə vaxtları olub. Bizdə ciddi dəyişiklik gözlənilmir. Hücum və müdafiə xəttində dəyişiklik üçün ciddi diqqət ayırmaq lazımdı.

– Musa Qurbanlı “Dinamo” ilə matçdan sonra sanki növbəti matçda olacağını bilirdi. Meydana çıxdı və məhsuldar ötürmə verdi. Sabahkı oyunda ona şans verəcəksiz? Onu necə dəyərləndirirsiz?
– İstənilən oyunçunun meydana çıxmaq şansı var. Son vaxtlarda çox çalışır. Əlindən gələni edir. Futbolçuların buna ehtiyacı var. Rəqiblər Azərbaycan klublarını ciddiyə almağa başlayırlar. Bu, bizim üçün inkişafdı. İnanmıram ki, “Sabah”ın dünənki çıxışından sonra bizə rahat yanaşsınlar.

– Dieqo Rosa ilə bağlı çox məlumat yayılıb…
– Bilmirəm (gülür). Çox oyunçu var. Hər şey ola bilər.

– Keçmiş “Tvente”, yoxsa indiki “Tvente”?
– Bugünkü “Tvente” desəm, “özünü sığortalayır” deyəcəksiz. Bir şeyi əminliklə deyə bilərəm ki, 3-5 il əvvəlki futbolla indiki futbol arasında çox fərq var. İstənilən komponentdə…

– Polşa mətbuatında yayılan məlumatlara görə, siz Taofiq İsmayılla danışıqlar aparırsınız.
– Maşallah (gülür). O futbolçu da ola bilər.

– “Tvente”dən Pyatsaya qarşı xüsusi addımlar görüləcək?
– Hər futbolçunun qarşısını almaq üçün müəyyən addımlar atırıq. Rəqibin topla fəal oynayan çox futbolçusu var. Hər birinə qarşı diqqətli oynamalıyıq. Onların həm qol vurmaq, həm də fərdi bacarıqları var.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul