Təbii ki, hər turdan sonra olduğu kimi, bu dəfə də AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun sözügedən epizodlarla bağlı şərhi qurumun “yutub” kanalına yerləşdirildi. Maraqlıdı ki, Rəhim bəy ofsayd epizoduyla bağlı hansısa açıqlama vermədi. Penalti qərarına gəlincə, sədr ədalət təmsilçisinin düzgün addım atdığını bildirdi. O, bunu Sekin top uğrunda mübarizə zamanı əlindən qeyri-qanuni şəkildə istifadə etməsiylə əlaqələndirdi.
Dünən həm də federasiyanın saytında bununla bağlı bəyanat yer aldı. Bildirildi ki, qurum fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir. Həmçinin hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdi. Odu ki, AFFA Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdı. Federasiya bu məqsədlə “Neftçi”nin rəsmi nümayəndələrini AFFA-ya çağırdı və təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və sualların cavablandırılmasını təklif etdi. Bu məsələlər öz yerində.
Yazıda fərqli baxış bucağına da yer vermək istədik. Bu məqsədilə qəzetimizin daimi eksperti Fariz Yusifova müraciət etdik:
“Açığı, “Neftçi”nin ofsayd iddiasıyla bağlı dəqiq danışa bilməyəcəm. Həmin epizod qolla nəticələnsəydi, daha detallı incələnə bilərdi. Lakin oyun davam edir və sonda künc zərbəsi təyin olunur. Ardından “Şamaxı” qol vurur. Bu səbəbdən ofsayd epizoduna görə VAR-a baxılmır. Əldə olan görüntülərə əsasən düzgün nəticə çıxarmaq çətindi. Fərqli bucaqdan da görüntüyə ehtiyac var. Penalti epizoduna görə isə baş hakimə - Kamranbəy Rəhimova irad bildirmək olar. Tutduğu mövqe düzgün deyil. Cərimə meydançasında havada top uğrunda mübarizə getsə də, baş hakim fəal davranmır. Halbuki dərhal yerini dəyişməli, epizoda daha yaxın olmalı, hadisələrə daha diqqətlə nəzarət etməliydi. Top havada ikən ilk toxunuş “Neftçi”nin futbolçusundan – Mustafa Sekdən olur. Ardından “Şamaxı”nın oyunçusu – Sezar Enrike tullansa da, mübarizəyə gec qoşulur və təbii olaraq rəqibdən aşağıda qalır. Burda Sekin hansısa günahı yoxdu. Oyun davam etməliydi. Lakin sonradan VAR-da hansısa söhbətlər gedir və qərar dəyişir...”
KƏNAN BAHADIR





