Bu gedişlə premyer-liqada çıxış edən komandaları tezliklə iki qrupa böləcəyik: “Liverpul” və başqaları. “Qırmızılar” hesabat turunda “Everton”u məğlub etməklə ardıcıl qələbələrin sayını 5-ə çatdırdı.
Turda iki önəmli oyun var idi. “Arsenal”la “Mançester Siti” meydandan “sülh”lə ayrıldısa, “Mançester Yunayted” “Çelsi”ni məğlub etməklə qəddini düzəltdi.
“Liverpul” derbiyə çox inamlı başladı. “Everton”un oyunla bağlı planını anlamaq çətin idi. Bütün komanda ilə geri çəkilən “göylər” meydanın rəqibə aid hissəsinə keçmək istəmirdilər. “Liverpul”un təzyiqi artıq 10-cu dəqiqədə Qravenberxin vurduğu qolda əksini tapdı. 29-cu dəqiqədə isə Ekitike fərqi artırdı. Görünür, bu iki qol “qırmızılar”ı hədsiz tez arxayınlaşdırdı. Bu üzdən “Everton” 2-ci hissədə təşəbbüsü ələ keçirdi. Geyenin saatın tamamında vurduğu qol hadisələrin axarına uyğun idi. Fərq azalandan sonra “qırmızılar” əsəbi oyun göstərməyə başladı, “Everton” isə təzyiqi artırdı. Hər halda, çempion hesabı qoruya, qələbə yürüşünü davam etdirə bildi.
Ötən tur mankunian derbisində darmadağın olan “Mançester Yunayted” bu dəfə “Çelsi”ni qəbul etdi. Artıq debütdə həlledici hadisə baş verdi: Sançes cərimə meydançasını tərk edərək topu onun yanından atıb qaçmaq istəyən Mbemonu yıxdı. “Çelsi”nin qapısına cərimə zərbəsi təyin olundu və qapıçısı qovuldu. Meydan sahibləri tezliklə say üstünlüyündən yararlandı: Fernandeş Sançesin qapıdakı yerini tutan Yorgenseni məyus etdi. 37-ci dəqiqədə Kazemiro da rəqib qapısına yol tapdı. Düzdü, fasilə ərəfəsində meydandakı oyunçuların sayı bərabərləşdi. Artıq “sarı”sı olan Kazemiro Santosa qarşı kobud oynamaqla vaxtından əvvəl paltardəyişmə otağına yollandı. Yalnız bundan sonra “Çelsi”də oyunu xilas etməklə bağlı müəyyən ümidlər yarandı. Hərçənd yağış üzündən topun çətinliklə hərəkət etdiyi meydanda yaradıcı oyun göstərmək çətin idi. Fofana künc zərbəsindən sonra fərqlənsə də, hakim ofsayd qeydə aldı. 80-ci dəqiqədə yerinə yetirilən künc zərbəsi isə Çalobanın dəqiq baş zərbəsi ilə bitdi. Bu qol “Çelsi”ni oyuna qaytardı. Ancaq “zadəganlar”ın sondakı hücum dalğası məğlubiyyətdən qurtulmağa imkan vermədi.
Komandaların turnir cədvəlindəki mövqeyini nəzərə alsaq, əslində turun mərkəzi oyunu “Arsenal”ın “Mançeter Siti”ni qəbul etdiyi qarşılaşma idi. “Emireyts”ə toplaşanlar erkən qol gördü. “Şəhərlilər” artıq 9-cu dəqiqədə hesabı açdı və bu qol oyunun sonrakı axarını müəyyənləşdirdi. “Siti” özünə xas olmayan şəkildə topu və ərazi üstünlüyünü rəqibə verərək dərin müdafiəyə çəkildi, nadir əks-hücumlara bel bağladı. Bu taktika müəyyən mənada özünü doğrultdu, çünki “topçular” böyük təzyiqə rəğmən, müntəzəm təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Qvardiola 2-ci hissənin gedişində müdafiəni bir qədər də möhkəmlətdi, bu isə oyuna baxanlarda ancaq təəccüb doğururdu. Nəhayət, uzatma dəqiqələrində hesab bərabərləşdi. Artetanın 80-ci dəqiqədə meydana buraxdığı Martinelli komandasını məğlubiyyətdən xilas etdi.
Turun qalan oyunlarına gəlincə, “Tottenhem” cari mövsümdə ilk dəfə heç-heçə oynadı. “Mahmızlar” “Brayton”la səfər oyununda məğlubiyyətdən qaça bildi – 2:2. “Kristal Pelas” və “Lids” səfərdən uğurlu nəticə ilə döndü. “Qartallar” London derbisinə “Vest Hem”i məğlub etdi, “Lids” isə aşkar autsayder “Vulverhempton”dan üstün oldu. “Fulhem” “Brentford” üzərində əzmkar qələbə qazandı. “Bernli” ilə “Nottingem Forest” qalibi müəyyənləşdirə bilmədi. “Sanderlend” – “Aston Villa” oyunu da 1:1 bitdi, baxmayaraq ki, meydan sahibləri 33-cü dəqiqədə azlıqda qalmışdı. Yalnız “Bornmut” – “Nyukasl” oyununda qapılara qol vurulmadı.
5-ci tur
Liverpul – Everton 2:1
Qravenberx, 10. Ekitike, 29 – Geye, 58. (60342)
Liverpul: Alisson, Bredli, Konate, Van Diyk, Kerkez, Qravenberx, Makallister (Cons, 61), Salah, Soboslai, Qakpo (Virts, 61), Ekitike (İsak, 61).
Mançester Yunayted – Çelsi 2:1
Fernandeş, 14. Kazemiro, 37 – Çaloba, 80.
MY: Bayındır, Mazraui (Kunde, 65), De Liqt, Maquayr (Yoro, 70), Dorqu, Kazemiro, Fernandeş (Maynu, 87), Şou, Mbemo (Maunt, 69), Dyallo, Şeşko (Uqarte, 46).
Çelsi: Sançes, Ceyms, Çaloba, Fofana (Corc, 64), Kukurelya (Hüsto, 64), Fernandes, Kaysedo, Estevao (Yorgensen, 6), Palmer (Santos, 21), Neto (Adarabioyo, 7), Pedro.
Arsenal – Mançester Siti 1:1
Martinelli, 90+3 – Holann, 9. (60161)
Arsenal: Rayya, Timber (Martinelli, 80), Saliba, Qabriel, Kalafyori, Merino (Eze, 46), Subimendi (Moskera, 90+8), Rays, Madueke (Saka, 46), Dyökereş, Trossar (Nvaneri, 84).
MS: Donnarumma, Xusanov (Nunyeş, 46), Diaş, Qvardiol, O’Rayli (Stounz, 87), Rodri, B.Silva, Foden (Ake, 68), Reynders, Dokyu (Savinyo, 87), Holann (Niko, 76).
Brayton – Tottenhem 2:2
Mintex, 8. Ayyari, 31 – Rişarlison, 43. Van Hekke, 82-öz qapısına. (31488)
Tottenhem: Vikario, Porro (Spens, 89), Romero, Van de Ven, Udoci, Bentankur (Simons, 61), Palyinya, Berqvall (Qrey, 89), Kudus, Rişarlison, Odober (Conson, 72).
Bernli – Nottingem Forest 1:1
Entoni, 20 – Uilyams, 2. (21475)
Vest Hem – Kristal Pelas 1:2
Bouen, 49 – Mateta, 37. Mitçell, 68. (62455)
Vulverhempton – Lids 1:3
Kreyçi, 8 – Kalvert-Lüin, 31. Stax, 39. Okafor, 45. (30807)
Fulhem – Brentford 3:1
İvobi, 38. Uilson, 40. Pinnok, 50-öz qapısına – Damsqor, 20. (26113)
Bornmut – Nyukasl 0:0
(11212)
Sanderlend – Aston Villa 1:1
İzidor, 76 – Keş, 67. (46261)
1. Liverpul 5 5 0 0 11-5 15
2. Arsenal 5 3 1 1 10-2 10
3. Tottenhem 5 3 1 1 10-3 10
4. Bornmut 5 3 1 1 6-5 10
5. Kristal Pelas 5 2 3 0 6-2 9
6. Çelsi 5 2 2 1 10-5 8
7. Sanderlend 5 2 2 1 6-4 8
8. Fulhem 5 2 2 1 6-5 8
9. Mançester S. 5 2 1 2 9-5 7
10. Everton 5 2 1 2 6-5 7
11. Mançester Y. 5 2 1 2 6-8 7
12. Lids 5 2 1 2 4-7 7
13. Nyukasl 5 1 3 1 3-3 6
14. Brayton 5 1 2 2 6-8 5
15. Nottingem Forest 5 1 2 2 5-9 5
16. Bernli 5 1 1 3 5-8 4
17. Brentford 5 1 1 3 6-10 4
18. Aston Villa 5 0 3 2 1-5 3
19. Vest Hem 5 1 0 4 5-13 3
20. Vulverhempton 5 0 0 5 3-12 0
Bombardir: Holann (MS) – 6.
Növbəti turun oyunları sentyabrın 27-29-u aralığında keçiriləcək: Brentford – Mançester Yunayted, Kristal Pelas – Liverpul, Lids – Bornmut, Mançester Siti – Bernli, Çelsi – Brayton, Nottingem Forest – Sanderlend, Tottenhem – Vulverhempton, Aston Villa – Fulhem, Nyukasl – Arsenal, Everton – Vest Hem.
Turun rəqəmi
100 – Bruno Fernandeş MY-nin heyətində keçirdiyi 296-cı oyunda qol sayını bu həddə çatdırdı. Bu qolların 64-ü premyer-liqanın payına düşür. Portuqaliyalı yarımmüdafiəçi 100 qoldan 39-nu penaltidən vurub, hələ 5 penaltini də boşa verib. O, klub tarixinə 100 və daha artıq qol vuran 19-cu futbolçu kimi düşdü. MY-nin bu göstəricidə rekordçusu Ueyn Runidi (253).
Turun ulduzu
Rayan Qravenberx (Liverpul) – derbinin aparıcı fiqurlarından biri idi. Niderlandlı yarımmüdafiəçi Salahın ötürməsindən sonra hesabı açdı, ardından Ekitikeyə məhsuldar ötürmə verdi. Məhsuldar hərəkətləri öz yerində, böyük həcmdə “qara iş” də gördü.
Turun sitatı
Entso Mareska, “Çelsi”nin baş məşqçisi: