Bu həftə həm də “Sabah”, “Araz-Naxçıvan” və “Zirə”nin timsalında avrokubok həyəcanı yaşayacağıq. Söhbət təmsilçilərimizin Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirəcəyi matçlardan gedir.
Məlum olduğu kimi, “bayquşlar” Moldova “Petrokub”unun qonağı olacaq. “Qartallar” və “qırmızı-ağlar” isə Bakıda döyüşəcək. Rəşad Sadıqovun komandası Xorvatiya “Hayduk”unun, Elmar Baxşıyevin komandası isə Yunanıstan “Aris”inin öhdəsindən gəlməyə çalışacaq. “Sabah”ın matçını böyük ehtimalla yenə “İctimai” TV-dən izləyə biləcəyik. Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun verdiyi məlumata görə, hazırda klubla telekanal arasında bu yöndə danışıqlar gedir. “Zirə”ylə “Araz-Naxçıvan”ın oyunlarının “CBC Sport”da yayınlanacağı isə dəqiqləşib.
O başqa məsələ ki, ev matçlarının izləmək üçün ən ideal variant stadionlara yollanmaqdı!
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
Zirə - Hayduk (Xorvatiya) 1:1
Brahim Konate, 31 - Antoni Kalik, 68
Hakimlər: XRİSTOS VARGETİS, Andreas Fotopulos , Konstantinos Staykos, Anastasios Papapetru (hamısı Yunanıstan).
23 iyul. Bakı. “Neftçi Arena”. Saat 19.30.
Araz-Naxçıvan – Aris (Yunanıstan) 2:1
Felipe Santos, 75. Patrik Andrade, 78 - Loren Moron, 66
Hakimlər: ANDREY KİVULETE, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (hamısı Rumıniya).
24 iyul. Bakı. “Liv Bona Dea Arena”. Saat 20.00.
Petrokub (Moldova) – Sabah 0:2
Pavol Şafranko, 82; Kahim Parris, 90+1.
Hakimlər: QAL LEYBOVİÇ, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail).
24 iyul. Kişinyov. “Zimbru”. Saat 21.00.
KƏNAN BAHADIR