Cek Qriliş Birmingemdə dünyaya gəlsə də, sonradan onun ailəsi “Land Rover” avtomobillərinin istehsalı ilə məşhurlaşan kiçik Solihall şəhərciyinə köçüb.
"Football-plus.az" xəbər verir ki, Onun valideynləri əslən İrlandiyadandı, bu üzdən Cek həmin ölkənin milli ənənələri əsasında böyüyüb. Ümumiyyətlə, valideynlər ehtiraslı futbol fanatıdı. Ailənin idmanın bu növünə ssvgisinin oğula da keçməsi təəccüblü deyil.
Cekin özündən kiçik bacıları (Holli və Kira), həmçinin qadaşı Kevin də var. Futbolçunun daha bir qardaşı (Kilan) olub, ancaq o, 9 aylığında ölüb. Mütəxəssislər kiçik Kilanın ölümünün səbəbini müəyyənləşdirə bilməyib. Həkimlər belə qənaətə gəlib ki, bu, sadəcə, qəfil uşaq ölümü sindromudu. Cek illər sonra qollarından birini ölən qardaşına həsr etmişdi.
Cek əvvəlcə gel futbolu (İrlandiyanın milli idman növlərindən sayılır, hər komandada 15 nəfər mübarizə aparır) ilə məşğul olsa da, ibtiadi Roma katolik məktəbində təhsil alarkən ənənəvi futbola həvəs göstərib. Ardından gənc istedad ulu babasının azarkeşlik etdiyi “Aston Villa”nın akademiyasına düşüb. Birmingem komandasında daimi məşqlərə baxmayaraq, valideynləri Cekin orta təhsil almasında israr edirdilər. Qriliş meydanda həmyaşıdları arasında çox seçilirdi. 2013-cü ildə onun da heyətində olduğu “Aston Villa”nın 19 komandası “NextGen Series” adlı beynəlxalq turnirin qalib oldu.
Aston Villa
Qriliş klubun əsas komandasında dərhal şans qazanmadı. 2013/14 mövsümünü həmin vaxt İngiltərənin 3-cü divizionunda oynayan “Notts Kaunti”də icarə əsasında keçirdi. Xavbek yeni komandasında keçirdiyi 37 oyunda 5 qol vurdu.
“Aston Villa”nın əsas heyətində debütü isə 2014-cü il mayın 7-də baş tutdu. Birmingemlilər həmin gün premyer-liqanın 29-cu turu çərçivəsində “Mançester Siti” ilə qarşılaşırdı. Cek tədricən “Villa”nın start heyətində möhkəmləndi, 2019-cu ilin martında isə kapitan sarğısını da qoluna taxdı. Bu komandanın heyətində ümumilikdə 213 oyun keçirdi və 32 qol vurdu.
“Mançester Siti”
2021-ci ilin avqustunda Qriliş rekord sayılan 100 milyon funtun qarşılığında “Mançester Siti”nin futbolçusu oldu. Cek bu klubla 6 illik müqavilə bağladı. Futbolçu bir müddət sonra belə dedi: “Mançester Siti”yə keçəndə güman edirdim ki, liqada 1-ci yerdə qərarlaşn komandaya yollanıram, çoxlu qol vuracaq və məhsuldar ötürmələr verəcəm. Ancaq heç də belə olmadı. Başqa komandaya və başqa məşqçiyə uyğunlaşmağın belə çətin olacağını təsəvvür etmirdim”.
Hər halda, Qriliş Xosep Qvardiolanın oyun sisteminə, tələblərinə uyğunlaşa bildi. Cek aşağı məhsuldarlığla görə daim tənqid olunsa da, kataloniyalı mütəxəssis onun meydandakı faydalı rolunu nəzərə alıb, “qanadları altına aldı”. “Şəhərlilər” 2022/23 mövsümündə tarixi treblə imza atdı – premyer-liqanın çempionu oldular, ölkə kubokunu qazandılar, klub tarixində ilk dəfə Çempionlar Liqasında qalib gəldilər. Cekin MS kolleksiyasında UEFA Superkuboku və klublarası dünya çempionluğu da var.
İngiltərə yığması
İkili vətəndaşlığa malik Qriliş əvvəlcə İrlandiya yığmasını təmsil edirdi. Bu ölkənin müxtəlif yaş qrupu yığmalarının formasını geymişdi. 2015-ci ilin yazında bəlli oldu ki, Cek guya klubdakı hədsiz yüklənmə üzündən milli komandanın toplanışına qatılmaqdan boyun qaçırıb. Ancaq bir neçə ay ötəndən sonra futbolçu artıq İngiltərə yığmasının heyətində çıxış edəcəyini bildirdi. 2016-cı il martın 18-də FİFA onun milli komandanı dəyişməsinə icazə verdi. Yarımmüdafiəçi elə həmin il İngiltərənin U-21 yığmasında debüt etdi. Qaret Sautqeytin çalışdırdığı komanda tezliklə Tulon turnirinin qalibi oldu. Qriliş ölkənin əsas komandasında ilk oyunu 2020-ci il sentyabrın 8-də keçirdi. Həmin gün britaniyalılar Millətlər Liqası çərçivəsində Danimarka ilə qarşılaşırdı. Yarımmüdafiəçi yığmanın heyətində AÇ-2020-nin vitse-çempionu oldu. Bildiyiniz kimi, həmin turnirin final mərhələsi pandemiya üzündən 2021-ci ilin yayında keçirildi. İngiltərə yığması “Uembli”də keçirilən həlledici oyunda İtaliyaya uduzdu.
İyunun 6-da Sautqeyt AÇ-2024-ə qatılacaq heyəti açıqlayanda Qrilişin adının siyahıda görünməməsi çoxlarını təəccübləndirdi. 28 yaşlı futbolçunun son mövsümdə “şəhərlilər”in heyətində keçirdiyi 36 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qaldığını da xatırladaq.
Qriliş nə qədər qazanır?
Qrilişin “Mançester Siti”dəki illik qazancı 13 milyon avrodu. Xavbek həmçinin 2023-cü ildə “Puma” ilə müqavilə bağlayıb və 5 il ərzində 50 milyon funt qazanacaq. “Transfermarkt” portalı futbolçunun bazar qiymətini 60 milyon avro dəyərləndirir.
Cekin şəxsi həyatı
Futbolçunun 16 yaşı olanda model Saşa Ettvud ilə romanı başladı. Gənclər birgə oxuduqları orta məktəbdə tanış olmuşdular. Onlar birlikdə çox vaxt keçirir, fanatlarını birgə şəkilləri ilə sevindirirdilər.
2019-cu ildə Ceklə Saşa ayrıdl, az sonra futbolçu Cessi Linqardın sabiq rəfiqəsi Cena Frumsun yanında göründü. Ancaq futbolçu və həmin qız romantik münasibətlərlə bağlı deyilənləri inkar edir, çoxdanın dostu olduqlarını deyirdilər. AÇ-2020 ərəfəsində futbolçu yenidən uşaqlıqdan tanıdığı Ettvud isə göründü.
Qriliş Saşa qədər Skay ləqəbli itini də sevir. Köpək tez-tez sahibi ilə birgə məşqə gedir, artıq çoxdan “Siti”nin bazasına öyrəşib. Cek müsahibələrinin birində bu haqda belə demişdi: “İtimi dünyadan hər şeydən çox sevirəm. Oyundan sonra evə qayıdarkən – fərqi yoxdu, qələbə, yoxsa məğlubiyyət ilə - it məni görəndə elə sevinir ki...”
Qrilişin qalmaqalları
Cek meydandakı uğurlarla yanaşı, müntəzəm şəkildə qalmaqalların da iştirakçısı olur, adı medianın manşetini bəzəyir. 2015-ci ilin yayında internetə qəribə foto sızdırılmışdı. Onda “Aston Villa”nın Tenerifedə məzuniyyətdə olan futbolçusunun alkoqol sərxoşluğunun təsiri altında asfaltın üzərinə uzandığı görünürdü. Birmigem klubu həmin vaxt futbolçusuna xəbərdarlıq etdi. Cəmi bir neçə ay sonra isə Cek əyləndirici qazların təsiri altında gecə klubunda şou təşkil etdiyiniə görə əvəzedici heyətə keçirildi.
2019-cu ldə oyun vaxtı azarkeşlərdən biri Qrilişə hücum çəkdi və meydanda olan futbolçunun başına zərbə vurdu. Buna görə həmin azarkeş bir neçə gün “yatdı”.
2020-ci ilin yazında – koronavirus pandemiyası vaxtı karantin qaydalarını pozan Qriliş yol-nəqliyyat hadisəsi törətdi, parklama yerində saxlanılan bir neçə maşını vurdu. Bu dəfə də alkoloqun təsiri altında idi. Nəticədə “Aston Villa” futbolçunu böyük məbləğdə cərimələdi, məhkəmə isə onu 9 aylığa sürücülük hüququndan məhrum etdi. Cek məhkəmə vaxtı daha bir qayda pozuntsunu boynuna aldı.
2020-ci və 2022-ci illərdə İbitsa və Las-Veqasda dincələn Qriliş yenə paparatsilərin obyektivinə tuş gəlmişdi. O, məzuniyyəti çox şən keçirir, özünə hər şeyi rəva bilirdi. Cek Çempionlar Liqasındak qələbə qeyd olunarkən də özünü yaxşı aparmadı. Jurnalistlər onun MS-nin çempionluq paradındakı davranışını uzun müddət müzakirə etdi. Bir sözlə, bu adam heç də az aşın duzu deyil. Ancaq Sautqeyt çoxdan tanıdığı futbolçunu AÇ-yə aparmaması ilə bağlı heç bir izahat verməyib. Bu üzdən biz baş məşqçinin sırf futbol, yoxsa davranış ilə bağlı mülahizələrə söykəndiyini bilmirik.