“CBC Sport”un təftiş qrupu Saatlıda generator tapmadı - klub prezidenti belə dedi

6.06.2024 14:36 215
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, “Araz Saatlı” 1-ci liqada qalmaq uğrunda “Cəbrayıl”la pley-off oyunlarına çıxacaq.

Birinci oyun iyunun 9-da “ASCO Arena”da, cavab görüşü isə 15-də Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. Qaranlıq qalan məqamlardan biri də Saatlıdakı kompleksin pley-off oyunu üçün yararlı olub-olmamasıdı. “CBC Sport” bunu aydınlaşdırmaq üçün stadiona baxış keçirəcəkdi.

Bir neçə gün öncə də klub prezidenti Ədalət Abdullayev açıqlama verərək, “CBC Sport”un təftiş qrupunun ayın 5-nə kimi stadionda yoxlama aparacağını bildirmişdi. Dünən sonuncu gün olduğuna görə yenidən klub prezidentiylə əlaqə saxladıq:
“Təftiş qrupu yoxladı. Stadionda hər şey qaydasındadı. Yəni həm VAR-ın tətbiqi, həm də canlı yayın üçün heç bir problem yoxdu. Sadəcə, generator problemi var. Belə ki, fors-major hal baş verdikdə, şəhərin işıq sistemi sıradan çıxdıqda, yayının davam etdirilməsi üçün tələblərə cavab verən generator olmalıdı. Çalışacağıq ki, qısa müddət ərzində bu problemi aradan qaldıraq. Başqa ciddi bir nöqsan bildirilmədi. Sadəcə, bəzi xırda məsələlər var”.


KAMAL SƏFƏR