Həm “Araz Saatlı”, həm də PFL “CBC Sport”un təftişini gözləyir

5.06.2024 21:10 235
Ölkə futbolu / Manşet
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası (PFL) mayın 31-də 1-ci liqada pley-off oyunlarının vaxtı ilə bağlı məlumat yaymışdı.

Həmin məlumatda deyilirdi ki, “Cəbrayıl”la “Araz Saatlı” arasındakı ilk oyun iyunun 9-da “ASCO Arena”da keçiriləcək. İyunun 15-nə planlaşdırılan cavab görüşünün yeri isə Saatlı Olimpiya İdman Komitəsinin stadionu təftiş ediləndən sonra müəyyənləşəcəkdi. “Araz Saatlı”nın prezidenti Ədalət Abdullayev də redaksiyamıza verdiyi açıqlamada iyunun 5-dək stadiona yayın və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcəyini təsdiqləmişdi. Klub prezidenti eyni zamanda stadionda ciddi problem olmadığını, sadəcə, həm oyun “CBC Sport” tərəfindən canlı yayınlanacaq, həm də VAR sistemi tətbiq olunacaq deyə, təftiş qrupunun yoxlama aparmasının vacibliyini vurğulamışdı. Bu məsələnin nə yerdə qaldığını öyrənmək üçün əvvəlcə PFL-ə müraciət etdik. Qurumun media və marketinq direktoru Sənan Abdullayev sorğumuzu belə cavabladı:
“Hazırda əsas nüans “CBC Sport”un təftişidi. Onların cavabını gözləyirik. Yəni “CBC Sport” təftiş edib desə ki, onların yayın imkanları ilə Saatlı stadionundan çəkiliş aparmaq mümkündü, onda “Araz Saatlı” öz stadionunda oynaya biləcək”.


Belə anlaşıllr ki, “CBC Sport”un razılığı olmadan, hansısa qərar qəbul edilə bilməz. Bu üzdən “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq:
“Yaxın iki-üç gün ərzində gedib stadiona baxmalıyıq. İndi isə əlavə heç nə deyə bilməyəcəm”.


KAMAL SƏFƏR