Bir müddət əvvəl klubun icraçı direktoru Eldəniz Yusubov saytımıza verdiyi açıqlamada mövsüm yekunlaşdıqdan sonra iclas keçiriləcəyini və növbəti mövsüm üçün hədəflərin bəlli olacağını bildirmişdi. Artıq komanda bir sıra transferlər reallaşdırıb və heyətdəki bəzi oyunçularla müqavilə müddətini uzadaraq növbəti mövsüm üçün hazırlığı davam etdirir. Fəqət Naxçıvan təmsilçisinin aparıcı yerli oyunçularından sayılan Turan Manafovla Orxan Əliyev barədə rəsmi bir qərar verməməsi də diqqətdən yayınmır. Ümumilikdə olub-bitənlər barədə daha ətraflı məlumat öyrənmək üçün yenidən Eldəniz Yusubovla əlaqə saxladıq:
“Artıq iclas keçirilib və növbəti mövsüm üçün planlarımız bəllidi. Transfer çalışmalarımız davam edir. Kimlərlə davam edəcəyiksə, artıq onlarla müqavilə imzalamışıq və adları da açıqlanıb. Qalan oyunçularımıza gəlincə, demək olar ki, heç biriylə davam etməyəcəyik. Onlardan təkcə Orxan Əliyevə yeni müqavilə təklif etmişdik. İlk müqavilə təklif etdiyimiz oyunçudu. Artıq mayda biz bu təklifi irəli sürmüşdük. Sadəcə, razılığa gələ bilmədik”.
Qeyd edək ki, buna qədər Ramin Nəsirli, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla da müqavilə bağlanıb.
KAMAL SƏFƏR






