“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
“Sabah”ın qızlardan ibarət U-17 komandası mövsümü çempion kimi başa vurdu. Gənc mütəxəssis Mehdi İbrahimovun çalışdırdığı komanda final qarşılaşmasında “Neftçi”ni böyük hesabla məğlub etdi. “Ağ-qaralar” finalda “Sabah”dan 11 cavabsız top buraxdı. Heç təsadüfi deyil ki, “Sabah”ın futbolçuları mövsüm ərzində yüksək məhsuldarlıq nümayiş etdirilər. Liqanın bombardiri də 67 qolla "Sabah"ın hücumçusu Xanım Əsədova oldu. Mehdi İbrahimovla söhbətimizdə həm “Sabah”ın U-17 komandasının çıxışından, həm də gələcək planlardan danışdıq.
- Mehdi bəy, sizi çempion olmağınız münasibətiylə təbrik edirəm. Çempion olmaq necə hissdi? Bu yolda hansı çətinliklərlə qarşılaşdız?- Təbriklərə və diqqətinizə görə sizə minnətdaram. Sözsüz ki, harda çalışmağından asılı olmayaraq, çempion olmaq gözəl hissdi. Qızlar arasında çempion olmamışdıq. Mən qızların Yüksək Liqasında çalışmışam, mükafatçılar sırasında yer almışam. Keçən mövsüm U-14 liqasında finalda Mingəçevir təmsilçisinə məğlub olub, ikinci yeri tutmuşduq. Bu baxımdan qızlar liqasında ilk çempionluğum idi. Mənim üçün qadın futbolu yad sahə deyil, onla görə də xüsusi bir çətinlik yaşamadım. Amma “Sabah” klubu ilk dəfə idi ki, qızlar liqasına komanda buraxırdı, ona görə də komandanı sıfırdan formalaşdırdıq. Müəyyən mənada bu çətinlik törətdi. Digər komandalarda çıxış edən perespektivli qızları uğura inandıraraq “Sabah”a dəvət etdik. Şükürlər olsun ki, transferlərimiz uğurlu olsu, hədəfimizə də çatdır. İşlərə keçən ilin yayından başlamışdıq. Çempionatın başlamasına üç ay qalmış hazırlıqlarımız start götürdü. Bu mənada digər klubları qabaqlamışdıq. Hədəfə doğru inamla addımladıq. Bir məqamı qeyd edim ki, “Sabah” U-17 liqasında nəinki məğlubiyyət üzü görmədi, heç xal da itirmədik, bərabərliyimiz də olmadı. Bütün rəqibləri üstələyərək çempion olduq.

- İstərdik ki, bir qədər komandanız haqqında məlumat verəsiz. Heyət necə formalaşdı? Sizə qədər komandada hansı işlər görülmüşdü?- Az öncə qeyd etdiyim kimi, hər şeyi planlaşdırıb, sıfırdan işlər gördük. Bütün transferlərimizi də həmin plan üzrə həyata keçirdik. Transferini istədiyimiz bütün futbolçuları komandamıza gətirməyi bacardıq. Deyə bilərik ki, istədiyimiz transferlər reallaşdı, planlarımız baş tutdu. “Sabah” Futbol Klubunun rəhbərliyi də bu işdə bizə çox kömək oldu. Akademiyadan da dəstək gördük. Bizim üçün istədiyimiz şərait yarandı. İstəklərimiz təmin edilirdi. Belədə digər komandalarda olan qızlar belə gördülər ki, ilk də U-17 qızlar liqasında belə bir şəraiti olan komanda var. Bu da bizim transferlərimizdə mühüm rol oynadı. Biz də çempionata rahatlıqla hazırlaşdıq. İlk addımlar olduğu üçün bizə qədər heç bir addım atılmamışdı. Rəhbərlik tərəfindən dəvət aldıq, öz fikirlərimizi bildirdik. Rəhbərlik də öz istəklərini, hədəflərini açıqladı. Beləcə çempionata hazırlaşıb, mübarizəyə qoşulduq.

- “Sabah”ın uşaq futboluna münasibəti hamıya məlumdu. Bəs qadın futbolu ilə bağlı vəziyyət nə yerdədi? Qızların futbol oynaması üçün hansı şərait yaradılıb?- Bəli, “Sabah”ın uşaq akademiyasının, rəhbərliyinin uşaq futboluna münasibəti hər kəsə məlumdu. Əvvəllər deyirdilər ki, filan yerdə bir uşaq var, amma itib-batır. Amma indi elə bir durum ola bilməz. Hardasa hansısa istedadın olduğunu eşidəndə deyirik ki, onu dəvət edin “Sabah”ın akademiyasına. Özünü göstərməyı bacaran hər bir uşağa “Sabah”ın akademiyasında yer var, şərait yaradılır. Bilirsiz ki, “Sabah”ın seleksionerləri ən ucqar yerlərə belə gedib, uşaqlara baxırlar, axtarışdadılar. Diqqətçəkən uşaqlar “Sabah”ın akademiyasına dəvət alır, hər bir şəraitlə təmin olunur. Mənə elə gəlir ki, indi itib-batacaq istedadlı uşaq ola bilməz. Bu sözlərim qadın futboluna da aiddi. “Sabah” premyer-liqa komandasına hansı şəraiti yaradırsa, bizim qızlara da o şərait yaradılıb. Biz nə istəmişiksə, onunla da təmin olunmuşuq. Həm maddi, həm də mənəvi tərəfdən. İnanıram ki, zamanla daha da yaxşı olacaq.

- Qadın futbolu sahəsində çalışan mütəxəssislərlə söhbətimizdə onlar son illərdə bu sahədə irəliləyişin olduğunu qeyd edir. Valideynlərin və qızların futbola münasibəti dəyişib. Siz bu barədə nələri deyərdiz?- Tamamilə doğru qeyd etdiz. Qadın futbolunda sözün əsl mənasında irəliləyişlər var. Belə götürək A milli komandadan. Siyasət Əsgərovun çalışdırdığı komanda Millətlər Liqasında qrupdan lider olaraq çıxdı. Bu komanda illər ərzində formalaşıb, böyük bir zəhmətin nəticəsidi. Milli komandamız indi də Avropa Çempionatının seçmə mərhələsində də uğurla çıxış edir. Burda vacib detal odu ki, sıfırdan yığılmış komandadı və nəticə verməyə başlayıb. Aşağı yaş qrupları ilə bağlı da müşahidə edirəm. Bizim məşq etdiyimiz stadionlarda baxıram ki, 8-9 yaşlı qızlar həvəslə futbola gəlirlər, futbola onları valideynləri cəlb edir. Həyətlərdə baxıram ki, qızlar özləri futbol oynayır. Bu da milli komandanın nəticələrinin yaxşılaşmasından, bu sahəyə diqqətin artmasından sonra mümkün olub. Əvvəllər seçim imkanları məhdud olurdu, indi isə yetərincə sayda qızlar futbol oynayır, məşqlərə gəlir. Qalır onların arasından keyfiyyətli seçim etmək. Əvvəllər say az olduğu üçün seçim imkanı da geniş deyildi. İndi isə yetərincə geniş seçim imkanı olduğu üçün keyfiyyətə də diqqət yetirmək mümkündü. U-17 liqasından götürək. Bu liqada oğlanlardan fərqlənməyək dərəcədə istedadlı futbolçular var. Düzdü, hələlik belələrinin sayı o qədər də çox deyil, amma sevindiricidi ki, bu say artmaqdadı. Ümid edirəm ki, gələcəkdə daha da yaxşı olacaq. Bilirsiz ki, milli komandanın baş məşqçisi Siyasət Əsgərov həm də “Neftçi”də çalışır, onun çalışdırdığı komanda da çempion oldu. Hazırda Siyasət Əsgərov bütün komandalarla maraqlanır, onları diqqətdə saxlayır, daim axtarışdadı. Hətta aşağı liqalarda da çıxış edənlər diqqət mərkəzindədi. “Sabah”ın 16 yaşlı futbolçusu Xanım Əsədova U-17 liqasından A milli komandaya dəvət aldı. Artıq elit səviyyədə məşq edəcək. Mən deyərdim ki, Xanım üçün bu çempionluqdan da əhəmiyyətli hadisədi. Çox sevincliyidi, valideyni də, özü də bu. Digər qızlar üçün də Xanımın uğuru bir motivasiyadı. Onlar görür ki, yolun sonunda bir işıq var. Qızlar başa düşürlər ki, onlara A milli komandanın baş məşqçisi tərəfdən də böyük diqqət var.
- Sonda qarşıdakı hədəflər barədə soruşmaq istərdim. Gələcək üçün hansı planlarınız var?- Qarşıdakı hədəflər barədə onu deyim ki, mövsüm yeni bitib. Hazırda komandanı istirahətə buraxmışıq. Yəqin ki, 15-20 gün sonra yenidən toplanacayıq. Ondan sonra da klub rəhbərliyi ilə də görüşümüz olacaq. Bu mövsümdən qızlar liqasında da yeniliklər olacaq, yaş qruplarının sayı artacaq. Ola bilər ki, digər yaş qrupunda mübarizə aparaq. U-17 liqasında da davam edə bilərik, daha yuxarı yaşda da. Bütün bunlar barədə klub rəhbərliyi ilə görüşümüzdən sonra qərar verəcəyik.
AMAL ABUŞOVYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.