Dünən ölkə futbolu tarixi üçün əlamətdar gün idi. Belə ki, AFFA-nın Hesabat-Seçki Konfransı keçirildi. Həm AFFA prezdienti, həm də İcraiyyə Komitəsinin üzvləri dəyişdi.
Bəs yeni rəhbərlik ölkə futbolunu irəli daşıya bilərmi? Çünki namizədliyi irəli sürülənlər arasında heç vaxt futbolla əlaqəsi olmayan adamları da gördük. Görəsən, Azərbaycan futbolunu irəli aparmaq potensialı onlarda varmı? Təbii ki, ölkə futbolu deyərkən söhbət əsasən də müxtəlif yaş qrupu üzrə yığmalardan gedir. Mövzunu araşdırmaq üçün təcrübəli futbol adamı Vidadi Əhmədova tribuna verdik.
“AFFA prezidenti ilə bağlı onu deyə bilərəm ki, ordakı şəxsin futbolla əlaqəli olub-olmamasının o qədər də önəmi yoxdu. Çünki rəhbər vəzifədə əsas keyfiyyət təşkilatçılıqdı. Həm də bilindiyi kimi, Rövşən Nəcəf SOCAR-ın prezidentidi. AFFA-nın da əsas maliyyə qaynağı SOCAR olduğundan, belə təyinatın reallaşması heç də pis deyil. SOCAR AFFA-nın sponsoru olduğu üçün bu, başadüşüləndi. Həm də Rövşən Nəcəfin təşkilatçılıq qabiliyyətinin yüksək səviyyədə olduğunu düşünürəm. İcraiyyə Komitəsinin üzvlərinə gəlincə, hesab edirəm ki, orda futbola çox yaxın olan, yəni bu sahədə sözünü demiş, təcrübəli adamlar olmalıdı. İK-nın üzvləri isə rəhbər deyillər, onların ancaq öz fikirlərini müzakirə edib, qərarlar qəbul etməsinin daha doğru olduğunu düşünürəm. Futbolun inkişafını milli komandaların fəaliyyətiylə əlaqələndirmək sualınıza gəlincə, bunun həm doğru, həm də yanlış olduğu qənaətindəyəm. Məsələn, bir ağacdan nümunə gətirim. Sən ağaca baxırsansa, bir neçə il qulluq edəndən sonra o bar verir. Futbolu da həmin ağac kimi götürsək, milli komandalarımız da həmin bar verən məhsuldu. Bu üzdən yığma komandalarımız üçün görülən işlər uğurlu qaydada təşkil olunarsa, gələcəkdə bəhrəsini verəcək. Milli komandanın da uğurlu olması üçün əsasən iki aspekt var. İlk növbədə yığmanın heyətində çıxış edənlərin yerli futbolçu olması arzuolunandı. Çünki kənardan gətirilib “milliləşdirilən” oyunçularda milli ruh ola bilməz. İkinci aspekt isə yerli futbolçularımızın Avropada çıxış etməsinin yığmanın inkişafına təsiridi. Yerli oyunçular “böyük beşlik” liqalarında çıxış edərsə, onda deyə bilərik ki, inkişafa nail olmuşuq. Hətta bəlkə gələcəkdə DÇ və ya AÇ-da bizi təmsil edə bilərlər. İK-ya gəlincə, 12 yer var və 12 nəfər də namizədliyini irəli sürmüşdü. Daha bu seçki sayılmır axı. Elə təyin olunmanı əvvəldən desinlər, biz də işimizi bilək. Belə yanaşmayla bu cür seçki, çətin ki, öz bəhrəsini verə. Təki yanılmış olum”.
KAMAL SƏFƏR