İlk turda səfərdə İsveçrəyə 53:72 uduzan Tahir Baxşıyevin komandası “Sərhədçi”də Kosovo ilə qarşılaşdı. Tribunalar, demək olar ki, dolu idi. Fanatlar millimizin şəninə bəstələr oxuyur, komandanı irəli səsləyirdi.
Oyun meydan sahiblərini üstünlüyü ilə başladı. Oyunçularımız ilk dəqiqələrdən irəli atıldı. Ulaş Turqut hesabı açdı – 2:0. Çox keçmədən millimiz Donta Holl ilə fərqi artırmağı bacardı. Lakin qonaqlar oyunu bərabərləşdirib, önə keçməyi bacardı. Kosovo seçməsi ardıcıl iki dəqiq zərbə ilə hesabı 5:4 etdi. Buna baxmayaraq, Holl yenidən hesabı xeyrimizə dəyişdi. Gah yığmamız önə keçir, gah da qonaqlar üstünlüyə yiyələnirdi. Bunun göstəricisidi ki, 1-ci çeyrək bərabərliklə nəticələndi – 19:19. 2-ci çeyrək də eyni ssenari ilə başladı. Startda Kosovo basketbolçuları önə keçsə də, millimiz yenidən bərabərliyə nail oldu. Ardından komandamız Holl ilə üstünlüyə yiyələnməyi də bacardı. Çox keçmədən Ulaş Turqut fərqi 4 xala çatdırdı. Son dəqiqədə qonaqlar fəallığı artırdı. Yetirmələrinin çıxışından razı qalmayan Tahir Baxşıyev taym-aut götürməyi lazım bildi. Lakin qonaqlar son saniyədə önə keçdi – 44:43.
3-cü çeyrəyin əvvəlində Turqut millimizi yenidən hesabda önə keçirdi. Ardından Orxan Aydın və Donta Holl özünü göstərdi. Bizimkilər hesabda geri düşdüyü anlarda da oyundan qopmur, hücumları artırır və istədiyinə nail olurdu. Lakin Kosovo basketbolçuları çeyrəyi öndə bitirməyə nail oldu – 60:59. Son çeyrək tam istədiyimiz kimi keçdi. Millimiz hesabda yenidən önə keçdi və bu dəfə üstünlüyü əldən vermədi - 87:77. Komandamızın heyətində Orxan Aydın 27, Donta Holl 20 xalla oyunun ulduzları oldular.
Azərbaycan – Kosovo 87:77 (19:19, 24:25, 16:16, 28:17).
Qrupun digər oyunu belə nəticələnib: İrlandiya – İsveçrə 63:86 (14:22, 15:19, 14:22, 20:23).
1. İsveçrə 2 2 0 72:53 4
2. AZƏRBAYCAN 2 1 1 140:149 3
3. Kosovo 2 1 1 160:163 3
4. İrlandiya 2 0 2 139:169 2
Qrupda 3-cü turun oyunları noyabrın 21-də keçiriləcək: İsveçrə - Kosovo, İrlandiya – Azərbaycan.
Oyundan sonra millinin məşqçisi Anar Sarıyevin və yığma üzvü Ulaş Turqutun fikirlərini öyrəndik.
Anar Sarıyev:
“Əvvəlcə “Sərhədçi”yə gələn hər kəsə təşəkkürümü bildirirəm. Açığı, arenanın dolacağını, əvvəldən axıra qədər bizə dəstək olacağını gözləmirdik. Meydanda 6-cı oyunçu bizim tamaşaçılar idi. Oyuna gəlincə, İsçevrədə oyun istədiyimiz kimi alınmamışdı. Yaxşı başlasaq da, davamı gəlmədi. Bəlkə də fiziki və ya mental olaraq, tam hazır deyildik. Çünki ilk dəfə belə yarışda iştirak edirik. Amma Kosovo ilə oyuna çox ciddi yanaşmışdıq. Komanda olaraq, çox yaxşı təhlil etmişdik. Məncə, istədiyimizi əldə etdik. Komandaya, oyunçulara “çox sağ ol” demək istəyirəm. Sona kimi çox yaxşı döyüşdülər. Layiqli qələbə idi. İnşallah, bu qələbə gələcəkdə ölkə basketbolu üçün böyük addım olar. Gələcək üçün böyük irəliləyişlər edəcəyimizə inanıram. Artıq iki ildi yeni federasiya bizimlədi. Basketbolu daha da yuxarılara qaldırmaq üçün əllərindən gələn hər şeyi edirlər. Növbəti oyunumuz noyabrdadı. Ona qədər baş məşqçimizin bəzi fikirləri var. İnşallah, gələcəkdə açıqlamalar olacaq".
Ulaş Turqut:
"Komanda şəklində mübarizə apardıq və ağıllı oynadıq. İsveçrə ilə matçda da ilk hissədə belə oynadıq. Lakin davamı gəlmədi. Daha çox çalışmaq, daha yaxşı qələbələr görmək istəyirik. Noyabrda keçiriləcək oyunlara hazırıq".
Azərbaycan Basketbol Federasiyası (ABF) Kosovo üzərində qələbə qazanan milli komandaya pul mükafatı verəcək. Bunu ABF-nin prezidenti Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib:
“İlk dəfə dünya çempionatının seçmə mərhələsində çıxış edirik. Bu qələbə Azərbaycan basketbolunun inkişafında irəliyə doğru addımdı. “Sərhədçi” Olimpiya İdman Mərkəzində əsl bayram ab-havası hökm sürürdü. Bu seçmə mərhələ basketbolumuz üçün yeni nəfəsdi. Uğurlar artdıqca tribunalara daha çox azarkeş gələcək”.
İSMAYIL, GÜNAY






