“Qarabağ” fərqi artırır, başqaları seyr edir – TURUN ŞƏRHİ

25.01.2024 20:30 178
Premyer-liqa
Günlər, həftələr keçdi, ay dolandı, premyer-liqada mübarizə canlandı.

Sırf nəticələr baxımından hər şey aydındı: rəqibin böyük-kiçikliyinə, bir qədər də primitvləşdirsək, gözünün yaşına baxmadan bacardıqca çox qll vurmağa çalışan “Qarabağ” mümkün qədər daha tez turnir vəzifəsinin (nə olduğunu hər kəs bilir) öhdəsindən gəlmək, başqa hədəflərə köklənmək istəyir. Durumun özəlliyi də onda gizlənir ki, ağdamlıların əsas rəqibləri əlini yanına salıb, bütün hərəkət və davranışlarından “götür, çempionluq sənin olsun” mesajı yağır!

19-cu turun xarakterik cizgilərini sadalamaq lazımdısa, bunları deyərdim: 5 oyunda 8 qol, hər oyunda orta hesabla 517 tamaşaçı, hakim idarəçiliyi ilə bağlı kütləvi narazılıq və əlbəttə, bir qədər vurğuladığım “Qarabağ”ın hegemonluğu məqamı. 5 oyunda cəmi 8 qolun vurulmasını Azərbaycan futbolunun tədricən “müdafiə relsinə düşməsi” kimi səciyyələndirmək olar. Ancaq çempionatımızın heç vaxt, xüsusən də cari mövsümdə yüksək məhsuldarlıq baxımından seçilmədiyini nəzərə alsam, hansısa tendensiyadan danışmazdım. Nə qədər inandırıcı görünməsə də, bəlkə hava şəraiti də belə susqunluğun səbəblərindən biridi. Və ya ən azı biz özümüzü “qısırlığın” məhz bununla bağlı olduğuna inandırmalıyıq. Necə ki azarkeşlərin tribunalardan uzaq düşməsini ölkəmizdə ilin bu ayı üçün xarakterik olmayan kəskin soyuqla bağlamağa çalışırıq. Azərbaycan, adətən, fevralın əvvəlində belə qardan əziyyət çəkirdi, ölüm kimi, deyəsən, qarın gəlişi də “cavanlaşıb”. “Futbol+” oxucusuna sentimental ovqata kökləmək istəmirəm, yaşıl meydana qayıdaq.
Hə, hakimliklə bağlı kütləvi narazılığa görə narahat olmağa dəyər. “Səbail” – “Zirə”, “Kəpəz” – “Turan Tovuz”, “Qəbələ” – “Sumqayıt” oyunundan sonra hay-küy qalxdı. Əslində narazılıqların müəyyən əsası var. Ona görə ki, azərbaycanlı hakimlər qırmızı vərəqə və penalti epizodlarının təfsirində çətinlik çəkir, daha dəqiqi, belə epizodlara vahid yanaşmanın olmaması baş məşqçilərdə və azarkeşlərdə qəzəb doğurur. Kimi bunu dilə gətirmək üçün mətbuat konfransından yararlanır, kimi də tribunalarda dilinə güc verir. Bundan başqa, hakimlərin VAR-la əlaqəsi də ideal deyil, bu münasibətlərin mexanizmi ilə bağlı suallar var. Mən qabaqdangəlmişlik edib “hakimlərin Türkiyə toplanışı faydasız olub” kimi uzaqgedən nəticə çıxarmaq istəmirəm. Amma hakim idarəçiliyi ilə bağlı kütləvi narazılığın fasilədən sonrakı elə ilk turda üzə çıxması da arzuolunmaz reallıqdı.

Sonda yaşıl meydanda qeydə alınan nəticələrə toxunmasam, oxucu məndən gileylənəcək ki, bu nədi, turun icmalını da publisistika meydanına çevirmisən, ucsuz-bucaqsız yaradıcılıq səhrasında atını elədən belə, belədən elə çapırsan. Yox, əziz oxucu, belə deyil! Təbii, “Neftçi”nin təriflənən oyuna rəğmən, “Sabah”ı məğlub edə bilməməsinin, “Zirə”nin ardıcıl 6-cı oyunda qola həsrət qalmasının, “Qəbələ”nin elitada yerini qorumaq uğrunda mübarizədə “Kəpəz”dən bir addım geri düşməsinin fərqindəyəm. Amma ilk abzasda eyham vurdum ki, bütün bu mübarizənin yekununda biz uzaqbaşı 2-ci yerin sahibinin, ölkənin avrokuboklardakı təmsilçilərinin kim olacağını biləcəyik, görəcəyik. Sadəcə, ona görə ki, “Qarabağ”a müqavimət göstərməyə gücü və həvəsi olan yoxdu!

Misli premyer-liqası
3-cü dövrə, 19-cu tur
21 yanvar
Sabah – Neftçi 0:0
22 yanvar
Səbail – Zirə 0:0
Kəpəz – Turan Tovuz 2:1
23 yanvar
Qəbələ - Sumqayıt 0:1
Qarabağ – Araz-Naxçıvan 3:1
1. Qarabağ 19 14 2 3 48-15 44
2. Zirə 19 8 6 5 13-10 30
3. Sumqayıt 19 8 6 5 20-23 30
4. Neftçi 19 8 5 6 21-17 29
5. Səbail 19 7 6 6 26-27 27
6. Araz-Naxçıvan 19 7 5 7 21-22 26
7. Sabah 19 6 5 8 25-22 23
8. Turan Tovuz 19 6 4 9 30-30 22
9. Kəpəz 19 4 5 10 13-30 17
10. Qəbələ 19 4 2 13 12-33 14
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 13, Aleksandr Ramalinqom (Səbail) – 7, Abdulla Zubir, Yassin Benzya, Hamidu Keyta, Leandro Andrade (hamısı “Qarabağ”), Otto Con (Turan Tovuz) – 6.

Növbəti turun proqramı
26 yanvar, 15.00. Turan Tovuz – Səbail
27 yanvar, 15.00. Kəpəz – Qarabağ
27 yanvar, 17.30. Zirə - Sabah
28 yanvar, 15.00. Araz-Naxçıvan – Sumqayıt
28 yanvar, 17.30. Neftçi – Qəbələ

ORXAN