Birinci divizionda rekordlar

25.08.2022 22:40 611
I liqa
Birinci divizionda 2022-23 mövsümünün ilk turu tamaşaçı sayında rekordlarla əlamətdar olub.

Mövsümün ilk günündə baş tutan “Araz-Naxçıvan” – “Qarabağ-2” qarşılaşmasında (5:1) 2700 izləyici qeydə alınıb. Bu, son 5 mövsüm üçün yeni rekorddu. Amma bu rekord cəmi bir gün duruş gətirib. İkinci oyun günündəki “Mingəçevir” – “Neftçi-2” görüşünü (4:1) daha çox – 3200 tamaşaçı izləyib. Bununla da son 5 mövsümün rekordu bir turda iki dəfə yenilənib.

Baş tutan bu qarşılaşmalara qədər ən yüksək göstərici Tovuz şəhər stadionunda qeydə alınmışdı. 2021-22 mövsümünün son turunun bu il mayın 17-dəki “Turan Tovuz” – “Zirə-2” matçını 2300 azarkeş izləyib.

Cari mövsümün ilk turunun 6 oyununu ümumilikdə 6610 nəfər (orta hesabla 1102) seyr edib. Bu da son 5 mövsüm üçün yeni rekorddu. Ötən çempionatın son turunda 3500 izləyici (orta hesabla 500) olub. Amma həmin vaxt 6 deyil, 7 qarşılaşma baş tutub. Orta göstəricidə rekord təxminən ikiqat yenilənib.