Baş məşqçi Şahin Diniyev dünən komandasını bu heyətlə meydana buraxdı: Hüseynəli Quliyev, Adi Mehremiç, Adil Nağıyev (k), Bahadur Həziyev, Rüfət Abdullazadə, Vüqar Həsənov, Rafael Məhərrəmli, Samir Abdullayev, Anas Najah, Pedro Nuno, Yusif Nəbiyev.
Ehtiyat oyunçular: Nicat Məmmədzadə, Cabir Əmirli, Yadin Luqasi, Aleksandr Ramalinqom, Silvayin Deslandes, Pana.
Bəli, “Səbail”in rəqibi 16 matçdan sonra 21 xalla premyer-liqanın 10-cu pilləsində qərarlaşan “Fakel” idi. Oyunun gərgin mübarizə şəraitində keçdiyinə şübhə etməyə dəyməz. Rəqiblərin, demək olar ki, eyni gücdə olduğu hiss edilirdi. Matçda yeganə qol 69-cu dəqiqədə vuruldu. Adil qol vurmaq üzrə olan rəqibi kobud qayda pozuntusuyla saxladığından penalti təyin edildi ki, bu da hesabın açılmasıyla nəticələndi. Bundan sonra tərəflər nə qədər çalışsa da, fərqlənə bilmədilər.
Diniyevin oyunla bağlı fikirləri:
“Dinamik və sürətli matça şahidlik etdik. Rəqib qarışıq komanda olsa da, görüşdən razı qaldım. Meydana 8 yerli futbolçuyla çıxdıq. Çoxlu sayda zədəlimiz olsa da, bizimlə olanlar formaya düşür. Bunu ümumi durumla bağlı şad xəbər saymaq olar. Bəzi oyunçular matçboyu riskə getmədi. Yaxşı və keyfiyyətli performans ortaya qoyduq. Məncə, karyeramın ən yaxşı təlim-məşq toplanışı bu idi. Komanda itkilərə rəğmən, məsuliyyətli hazırlıq prosesindən keçdi. İki-üç gün ərzində komandaya yeni futbolçular qoşulacaq. Onların yolunu gözləyirik”.
KƏNAN BAHADIR





