Hazırda ölkə idman mediasında Sezar Meza Kollinin yenidən Azərbaycana qayıtmasının mümkünlüyü müzakirə olunur.
Yazılanlara inansaq, paraqvaylı futbolçunun xidmətində maraqlı olan klub var. Hazırda 32 yaşı olan yarımmüdafiəçi nə dərəcədə faydalı ola bilər? 2013-də 1-ci, 2019-da 2-ci dəfə gəldiyi ölkənin futboluna hansı faydanı verməsi mümkündü?
Bu sualı aydınlaşdırmaq üçün təcrübəli menecer Tural Əsgərova müraciət etdik. Onun "football-plus.az"a öyrəndik:
"Sezar Meza Kollinin yenidən gəlişi haqda fikirlər saytlarda yazılanlardan o tərəfə keçmir. Amma məsələyə iki prizmadan yanaşacam. Əvvəlcə subyektiv fikirimi deyim ki, mən ölkəmizə yaşı 27-28-i keçmiş futbolçuların gətirilməsinin tərəfdarı deyiləm. Şəxsən mən bir menecer kimi bu qaydanı özüm üçüm əsas götürürəm və heç bir kluba yaşı 28-dən yuxarı futbolçu təqdim etmirəm. Amma bu o demək deyil ki, hamı mənim kimi düşünməlidi. Məsələyə digər yöndən yanaşsaq, görərik ki, Meza Kollinin Azərbaycandan başqa çıxış etdiyi ölkələrin çempionatlarında karyerası uğurlu olmayıb. Amma bizdə özünü doğruldub. Paraqvaylı futbolçu bir çox məşqçilərin oyun fəlsəfəsinə uyğun gəlir. Düzdü, hazırda Sezarın yaşı 32-di. Onun özünü necə doğruldacağını demək çətindi. Amma fakt odu ki, elitamızda yetərincə təcrübəsi var. Məhz buna görə hansısa komanda və ya baş məşqçi onun transferində maraqlı ola bilər".
ABDULLA İSMAYILOĞLU