Elnur Amanov federasiyadan incik düşüb? - AÇIQLAMA

11.01.2024 12:13 235
İdman / Manşet
Dünən taekvondo üzrə kişilərdən ibarət milli komandaya yeni böyük məşqçi təyin olundu. Söhbət Elnur Amanovdan gedir. Əslində o, yeni deyil...

Xatırlayırsızsa, Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı milli komandamız üçün rüsvayçılıqla bitmişdi. Daha dəqiq desək, mundialı medalsız başa vurmuşduq. Belədə Elnur Amanov vəzifəsindən azad olunmuşdu. Üstəlik o, bu xəbəri federasiya rəhbərliyindən yox, məhz “Futbol+”dən öyrənmişdi.

Görəsən, mütəxəssisin yenidən əvvəlki vəzifəsinə dönməsi haqda təəssüratı necədi? Yuxarıda qeyd etdiyimiz məsələyə görə hansısa inciklik varmı?

Elnur Amanov “Football-plus.az”ın suallarını belə cavabladı:

“Yenidən mənə etimad göstərildiyi üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Çalışacağam ki, işimin öhdəsindən layiqincə gəlim. Elə indi məşqlərə start veririk. Uğurlu nəticələr qazanmaq üçün mübarizə aparacağıq. Yox, federasiyadan inciməmişəm. Əksinə, bir neçə ay işsiz qalmağın mənə xeyri dəydi. Yorğunluqdan xilas oldum, yaxşı istirahət etdim. Ümid edirəm ki, mənə olan güvəni doğruldacam”.

KƏNAN BAHADIR