Bu gün onlarla bir daha əlaqə saxlayıb, yoldaşlıq oyunları üçün rəqiblərinin adını öyrənmək istədik.
Zaur Xudiyev (“Sumqayıt”):
"Komandamız yanvarın 12-də Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubları ilə qarşılaşacaq. "Sumqayıt" mövsümün ikinci yarısı üçün hazırlığı yanvarın 6-17-si aralığında Türkiyənin Antalya şəhərində keçirəcək”.
Rəşad Məmmədov (“Səbail”):
“Komandamız mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq. Yanvarın 5-17-si aralığını əhatə edəcək toplanış zamanı “Miracle Resort” otelində məskunlaşacaq. Komandamız Antalyada iki yoxlama oyunu keçirəcək. Rəqiblərimiz Rumıniya superliqa təmsilçisi “Universitatya Cluj” (12 yanvar) və Rusiya premyerliqa klubu “Fakel” (15 yanvar) olacaq”.
Süleyman Tağıyev (“Turan Tovuz”):
“Yanvarın 17-dək Antalyada hazırlığı davam etdirəcək komandamız ilk yoxlama oyununa yanvarın 9-da çıxacaq. Rəqibimiz Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq. Hazırlıq çərçivəsində növbəti oyunlar isə yavarın 15-də keçiriləcək. Həmin gün baş məşqçimiz Ayxan Abbasov iki oyunda komandanı sınaqdan keçirəcək. Günün ilk oyununda komandamız Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqibimiz isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq”.
Elnur Həmidov (“Sabah”):
“Komandanın yanvarın 9-u və 14-də olmaqla cəmi iki yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblərin hansı komandalar olacağına yaxın vaxtlarda aydınlıq gələcək”.
“Neftçi”nin mətbuat katibi Emin Əfəndi isə rəqiblərin adının ya bu gün axşam, ya da sabah səhər açıqlanacağını dedi.
MİRKAMAL KAZIMZADƏ



