Çoxdan gözlənilən qərar dekabrın 21-də açıqlandı.
“Football-plus.az” xəbər verir ki, Avropa İttifaqı Məhkəməsi (AİM) Superliqa layihəsi qarşısında “yaşıl işıq yandırdı”: məhkəmənin FİFA və UEFA-nı bu layihənin reallaşmasına imkan verməməklə Avropa İttifaqı (Aİ) qanunlarını pozduğunu bəyan etməsi futbolda yeni dövrün başlamasına yol aça bilər. Amma məsələ son qərardan sonra belə Superliqa layihəsinin tərəfdarlarının düşündükləri qədər asan deyil...
Bu yerdə yaxın keçmişə boylanmaq zəruridi. 2021-ci ilin apreli dünya idmanını lərzəyə gətirmişdi. Onda Avropanın 12 top klubu Superliqanın yaradıldığını rəsmən elan etdi. Yeni turnirin “Real”, “Barselona” və “Yuventus” kimi həmtəsisçiləri UEFA və FİFA-nın klub yarışlarından çıxacaqlarını açıq bəyan etdilər. Lakin, belə desək, futbol qiyamı ikicə günə yatırıldı. Beynəlxalq futbol təşkilatları qiyamçıları ağır sanksiyalarla hədələdilər, bu azmış kimi, müxtəlif ölkələrdə yerli futbol qurumları və azarkeşlər də yeni ideyanın həyata keçməsinə qarşı çıxdılar. Nəticədə 9 klub (Mançester Yunayted, Mançester Siti, Arsenal, Çelsi, Liverpul, Tottenhem, İnter, Milan, Atletiko) böyük təzyiqə tab gətirməyib layihədən çıxdı. Bu ilin iyununda “Yuventus”un da geri addım atması “Real” və “Barselona”nın böyük futbol dalğası qarşısında baş-başa qalmasına səbəb oldu.
İspaniya nəhəngləri təklənsələr də, ideyanın Aİ qanunlarına uyğunluğunun məhkəmə müstəvisində sübutuna çalışdılar. Klubların prezidentləri Florentino Peres ilə Xuan Laportanın ara-sıra mövzu ilə bağlı açıqlamalar verməsi artıq qitə futbol ictimaiyyətini o qədər də narahat etmirdi. Lakin cümə axşamı AİM-in UEFA və FİFA-nın Superliqa layihəsi qarşısında maneələr yaratmaq cəhdlərinin qanunsuz olduğunu bəyan etməsi sakitliyi növbəti dəfə pozdu. Görünən odu ki, son vaxtlar qitə futbolunda məlum səbəblərdən bərpa olunan səssizlik müvəqqəti xarakter daşıyırmış. Bilindiyi kimi, UEFA və FİFA rəsmi beynəlxalq turnirlərin yalnız bu qurumların “xeyir-duası” ilə yaradıla biləcəyini deyirdi. Lakin AİM ali futbol başbilənlərinin bu mövqeyi ilə hakim vəziyyətindən sui-istifadə etdiklərinə aydınlıq gətirdi. Qərarın bu hissəsi belə ifadə edilib:
“FİFA və UEFA-nın yürütdüyü media hüquqlarından istifadəni nəzərdə tutan qayda Avropanın futbol klublarına, media bazarında fəaliyyət göstərən şirkətlərin bütün işçilərinə və nəticədə istehlakçılarla televiziya tamaşaçılarına zərbə vurur, onların yeni, potensial olaraq daha maraqlı yarışlardan zövq almasına mane olur”.
Bir qədər kobud ifadə etsək, bundan sonra imkanı olan hər kəs turnir yarada və ora istədiyi klubu dəvət edə bilər. Yeni layihələrin iştirakçılarına Çempionlar Liqası (ÇL) və ya Klublararası Dünya Çempionatında (KDÇ) iştirakdan imtina etmək hüququ da verilir. Onların FİFA və UEFA-nın hər hansı sanksiyası ilə üzləşməyəcəyi də nəzərdə tutulur. Başqa sözlə, qitə və dünya futbolunda ali təşkilatların bayrağı altında keçirilməyən turnirlər də rəsmi xarakter daşıyır.
Amma qərara diqqətlə nəzər salsaq, AİM-in Superliqa qarşısında “yaşıl işıq” yandırdığını da 100 faiz əminliklə iddia etmək olmur. Qərarda həm də belə yazılıb:
“Bu, heç də Superliqa adlandırılan turnirin mütləq reallaşmalı olduğu anlamına gəlmir. Məhkəmə konkret bu layihə ilə bağlı qərar verməyib”.
Deməli, sabah bütün klubların kütləvi şəkildə avrokubokları tərk edəcəyini gözləmək olmaz. Ancaq istənilən halda AİM-in FİFA və UEFA-nın beynəlxalq turnirlərdəki inhisarına qarşı qərarının bunu çoxdan iddia edənləri və adekvat addımlar atmağa çalışanları sevindirməyə bilməz. “Real”ın prezidenti Peres artıq cümə axşamını “futbol tarixi üçün böyük gün” adlandırıb, Superliqa layihəsinin baş direktoru Bernd Raynxart isə yeni turnirin oyunlarının ödənişsiz şəkildə televiziya tamaşaçılarına təqdim olunacağına söz verib. Bunlar populist açıqlamalara çox bənzəyir, amma məsələnin əsas məğzi gün kimi aydındı: Superliqa Aİ tərəfindən güclü dəstək qazanıb və bununla da ali futbol qurumlarının möhkəm görünən mövqeyi əməlli-başlı silkələnib!
Amma UEFA qarşı tərəfə məhkəmə mübarizəsində uduzduğunu etiraf etmir. Avropanın ali futbol qurumunun yaydğı bəyanatda qaydaların regionun qanunlarına uyğun olduğu bildirilib: “Məhkəmənin qərarı “Superliqa” adlandırılan qurumun tanınması deyil, UEFA-nın ilkin bəyan sistemində mövcud olan çatışmazlığın qeyd olunmasıdı. Məsələ 2022-ci ilin iyununda müəyyən edilən və nəzərdən keçirilən texniki detalla bağlıdı”. Ola bilsin ki, UEFA bununla bayağı şəkildə simasını qorumağa çalışır, ancaq qətiyyən təslim olmur. Hələ ki, AİM-in qərarının praktikada necə tətbiq olunacağı və Superliqa layihəsinin texniki cəhətdən necə reallaşacağı məlum deyil. Aydındı ki, FİFA və UEFA-nın qərarın tətbiqinə apellyasiyalar vermək, qərardakı boşluqlardan yararlanmaq və ya hansısa digər yollarla mane olmaq imkanlarına əl atmaq fürsəti olacaq. Unutmayaq ki, hər iki təşkilata peşəcə hüquqşünas olan Canni İnfantino ilə Aleksander Çeferin rəhbərlik edir.
Ali futbol qurumlarının işini çətinləşdirən məqam odu ki, ötən iki il yarım ərzində azarkeşlərlə münasibətlərinə xələl gətiriblər. FİFA və UEFA geniş auditoriyanı əyləndirmək üçün KDÇ-nin və avrokubokların “mutasiyası”na qərar verdilər: yeni layihələrdə nəhəng klubların oyunlarının sayının artırılması nəzərdə tutulub. Lakin yeniliklər, xüsusilə də ÇL-in gələn ildən startı veriləcək yeni formatı hələ ki əksəriyyət tərəfindən yaxşı qarşılanmır. Bu yerdə istər-istəməz ağla bu fikir gəlir: sabah Superliqanın yenidən startına qərar verilsə, layihəni dəstəkləyənlər 2021-ci ilin apreli ilə müqayisədə çox olacaq...
Beləliklə, artıq yeni Superliqanın formatı haqda ilkin məlumat da yayıb. Layihənin təşkilatçısı olan “A22 Sports Management” şirkəti ümumilikdə 64 komandanın yarışacağı turnirin açıq xarakterli olacağını bəyan edib. Yəni iştirakçılar idman prinsipləri ilə seçiləcək. Klublar üç liqada yarışacaqlar. Liqalar isə səviyyəsinə görə “Ulduz”, “Qızıl” və “Mavi” adını daşıyacaq. İlk iki liqada 16, 3-cü divizionda isə 32 komanda olacaq. Onu da qeyd edək ki, yarışın açıq xarakteri yalnız sonuncu liqa üçün nəzərdə tutulub. Hər bir klubun mövsüm ərzində azı 14 oyun keçirəcəyinə təminat verilib. Mövsüm müntəzəm çempionat (8 komandadan ibarət qrup mərhələsində ikidövrəli sistemli mübarizə) və pley-off mərhələsindən ibarət olacaq. Qalib və aşağı liqaya düşəcək komandalar pley-off yolu ilə müəyyən ediləcək. Matçlar avrokuboklarda olduğu kimi, həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı keçiriləcək. Və ən əsası, klublara nəticələrə əsasən cəlbedici mükafat və bonuslar vəd edilib.
Bunlar hələ ki, kağız üzərində yazılanlardı. Superliqanın 2025-ci ildən start götürməsi nəzərdə tutulub. Amma artıq təşkilatçı şirkət üçün saya-hesaba gəlməyən problemlər ortaya çıxıb. Belə ki, UEFA və FİFA-dan başqa Avropa Klublar Assosiasiyası və Avropa Klublar İttifaqı kimi beynəlxalq qurumlar, qitənin 5 aparıcı futbol liqası layihənin əleyhinə çıxıb. Layihənin rəhbərliyi yəqin ki, “Bavariya”, “Liverpul”, “Mançester Yunayted”, PSJ, “Atletiko”, “Roma” və “Sevilya”nın da daxil olduğu çox sayda klubun UEFA-nın bayrağı altında keçirilməyəcək hər hansı turnirə qatılmayacağını bəyan etməsinə daha çox məyus olub. Hər halda layihənin tez və ya gec reallaşması yalnız AİM-in qərarı ilə mümkün olana oxşamır...
ReaksiyalarBernd Raynxart, Superliqa layihəsinin baş direktoru: “Biz rəqabət aparmaq hüququ qazanmışıq. UEFA-nın inhisarına son qoyulub. Futbol azadlığına qovuşub. Klublar artıq sanksiya təhlükəsindən qurtulub və bundan sonra gələcəyini sərbəst şəkildə müəyyən edə biləcəklər”.
Florentino Peres, “Real”ın prezidenti: “Real” məhkəmənin qərarını böyük razılıqla qarşılayır. Bu qərar bizim prinsiplər, dəyərlər və azadlığımız üçün təminata cavab verir. Yaxın günlərdə bu tarixi əhəmiyyəti olan qərarın tətbiqi ilə bağlı ciddi müzakirələr aparacağıq. Qərarın iki vacib əhəmiyyətini qeyd etmək istəyirəm. Birincisi, Avropanın klub futbolu artıq inhisar altında deyil və bundan sonra da olmayacaq. İkincisi, klublar öz taleyinin sahibi olmaq hüququ qazanıblar. Biz belə hesab edirik ki, klubların əsasını qoyacağı yeni turnirlər idmanımızı müasirləşdirəcək və bütün dünyada daha çox azarkeş cəlb edəcək. Bir sözlə, dekabrın 21-də azad Avropa yenidən qalib gəldi, futbol və azarkeşlər də qələbə qazandılar!”
Aleksander Çeferin, UEFA-nın prezidenti: “Bu şounun sizi şoka salacağını, yoxsa əyləndirəcəyini söyləmək çətindi. Yeni format hamı tərəfindən rədd edilən 2021-ci il təklifindən daha qapalıdı. İstədiklərini yarada bilərlər. Ümid edirəm ki, onlar yalnız iki klubla ən qısa zamanda möhtəşəm rəqabətə başlayacaqlar. “Real” və “Barselona” nə etdiklərini heç özləri də başa düşmürlər. Futbol satılmır. Superliqa ölü liqadı”.