Söhbət Avropa Superliqası layihəsinin yaxın gələcəkdə reallaşmaq perspektivinin sual altında olmasından gedir. Xatırladaq ki, ötən ilin yayında Madrid Kommersiya Məhkəməsi bu layihənin qurucuları olan “Real”, “Barselona” və “Yuventus”un xeyrinə qərar çıxararaq UEFA-nın bu klublara qarşı sanksiyalara əl atmasının yolverilməz olduğunu bəyan etmişdi. UEFA isə öz növbəsində hakim Manuel Ruis de Laranın vəzifəsindən azad edilməsi tələbi ilə çıxış etmiş, lakin bu tələbinə rədd cavabı almışdı. Üstəlik cərimələnən Avropanın ali futbol qurumu məhkəmə xərclərini ödəməyə məcbur edilmişdi. Sonra iş Avropa Məhkəməsinə ötürülmüşdü. Superliqa layihəsinin təsisçiləri UEFA-nın fəaliyyətinin inhisarçılıqla bağlı olub-olmadığını və Avropa İttifaqının (Aİ) Rəqabət Haqqında Qanununu pozub-pozmadığını müəyyənləşdirmək üçün bu instansiyaya üz tutmuşdular.
Avropa Məhkəməsinin nümayəndəsi dekabrın 15-də UEFA və FİFA qaydalarının Aİ-nin qanunlarını pozmadığını açıqlayıb. Məhkəmənin baş vəkili Anastasios Rantos ali futbol qurumlarının klubların yeni turnirlər yaratmasına qadağa qoymaq və həmin turnirlərdə çıxış edəcək oyunçuları cəzalandırmaq hüququnun Aİ-nin qanunlarını pozmadığını bildirib:
“UEFA və FİFA-nın istənilən yeni yarışın bu qurumların ilkin razılığı əsasında reallaşa biləcəyi ilə bağlı qaydası Aİ-nin Rəqabət Haqqında Qanununa uyğundu”.
UEFA bu açıqlamaya belə reaksiya verib:
“UEFA baş vəkil Anastasios Rantosun açıqlamasını alqışlayır. Onun səsləndirdiyi fikir Avropanın futbol piramidasının mövcud demokatik və dinamik strukturunun qorunması yolunda atılan vacib və əhəmiyyətli addımdı”.
FİFA-nın rəsmi reaksiyası ilə belə olub:
“FİFA Avropa Məhkəməsinin rəsmi nümayəndəsinin bəyanatını alqışlayır. Baş vəkil Anastasios Rantosun yeni turnirlərin yalnız FİFA və UEFA-nın razılğı əsasında reallaşa biləcəyi haqda açıqlaması ali futbol təşkilatlarının qaydalarının Aİ qanunlarına zidd olmadığını göstərir”.
