Oyundan sonra yığmanın baş məşqçisi Siyasət Əsgərov jurnalistlər üçün brifinq keçirdi:
- Əvvəlki oyunda qrup liderliyini təmin etmişdik. Kipr millisi ilə qarşılaşmadan sonra futbolçuları oyuna kökləmək bir qədər çətin idi. Rəqibi yaxından tanıyırdıq. Amma ilk dəfə bugünkü sistemlə çıxış edirdilər. Düzünü desəm, belə oynayacaqlarını gözləmirdik. Buna ötən matçda böyükhesabla məğlub olmaları səbəb olmuşdu. Belə demək mümkünsə, daha çox müdafiə olunaraq əks-hücumlarda qol vurmağa çalışırdılar. İlk hissə bizim üçün çətin oldu. Qol vurmaq üçün bir neçə imkanımız olsa da, şanslardan yararlana bilmədik. Liderliyi təmin etdiyimizdən istər-istəməz komandada arxayınlıq var idi. Amma fasilədən sonra istədiyimiz oyun planını qurub qələbə topunu vura bildik. Komandamı təbrik edirəm. Qrupda 5 qələbə qazanıb, 1 heç-heçə etdik. Öncədən belə nəticə qazanacağımızı desəydilər, həqiqətən özüm də tərəddüdlə yanaşardım. Sonadək mübarizə aparmaq və əzmkarlıq bizi bu yerlərə gətirdi. Komandanın hər bir üzvünə təşəkkür edirəm. Bu uğurlu nəticənin davamını gətirməyə çalışacağıq. Bizi B divizonunda daha çətin rəqiblər, daha çətin oyunlar gözləyir. Ordakı oyunlara da ciddi yanaşıb maksimum nəticə qazanmaq istəyirik.
- Qazanılan uğur uzun bir prosesin nəticəsidi. Bu yolu necə keçdiz?
- Azərbaycanda qadın futbolunun təməli 2010-cu ildə qoyulub. İlk dəfə DÇ-2012-nin seçmə mərhələsində mübarizə aparmışdıq. İndi heyətdə gördüyünüz futbolçuların əksəri həmin dövrdən qalanlardı. Düzdü, itirdiyimiz qızlar da oldu. Buna təəssüflənirəm. Onlar hər biri komandanın gücünə güc qata biləcək potensialda idilər. Amma yığmanın özəyini maksimum qoruya bilmişik. Uğurumuzun ən böyük səbəbi qızların əksəriyyətini qonşu ölkələrə legioner göndərməyimizdi. Türkiyə, Rusiya, Yunanıstan və Qazaxıstan kimi ölkələrdə “ilk-11-lik”də çıxış edirlər. Həmin liqalarda futbolun səviyyəsi yuxarıdı və futbolçularımız ordan milliyə hazır formada gəlir. Bunlar hamısı nəticəyə təsir edir. Oyunçu yığmanın düşərgəsinə nə qədər hazır gəlirsə, komandanın potensialı o qədər yüksək olur. İki futbolçumuzu toplanış zamanı itirdik. Nazlıcan Parlak klubunun heyətində dizindən zədə alıb, əməliyyat olunacaq. Onu 1 ilə yaxın müddətə itirdik. Vüsalə Hacıyeva isə yığmanın düşərgəsində səhhətində problem yaşamışdı. Klubuna dönəndən sonra 3 həftə müalicə aldı. Hazır olmadığı üçün heyətə əlavə etmədik. Amma növbəti matçlarda onu yenidən görə biləcəyik.
- Qadınların ölkə çempionatının səviyyəsini necə qaldırmaq olar?
- Bunun üçün keyfiyyət lazımdı. İllər öncə Rusiyada da vəziyyət təxminən belə idi. Sonra həm özlərinin inkişaf etdirdiyi oyunçular, həm də gələn legionerlər çempionatın səviyyəsini qaldırdı. Liqalara əsas töhfəni əcnəbi futbolçular verir. Hazırda Türkiyədə çalışdığıma görə ordakı vəziyyəti də görürəm. Son ik ildə onlar da həmin yolu keçir. Ötən mövsüm legioner limiti 6+2 idisə, indi 8+3 elədilər. Bu il orda həqiqətən çox maraqlı çempionat keçirilir. Biz də həmin sistemlə ölkəyə keyfiyyətli legionerlər cəlb etməliyik. Klublarımız da öz nəzdində qadın komandaları yaratmalıdı. “Sumqayıt”, “Neftçi”, “Qəbələ”nin belə komandası var. Qalanları da diqqət ayırsa, düşünürəm ki, yaxın illərdə liqanın səviyyəsini qaldıra bilərik.
- Hər futbolçu istəyər ki, millidə çıxış etsin. Amma liqada elə futbolçular var ki, komandası ilə çempion olur, yığmaya dəvət almır. “Sumqayıt”ın qolkiperi oyunların əksərində qapısını toxunulmaz saxlayıb. Belə futbolçular nə etməlidi ki, milliyə çağrılsın?
- Bu mövzuda haqlısız. Bir söz deyə bilmərəm. Amma məşqçilər korpusu olaraq, yüksək liqanın bütün oyunlarını izləyirik. Qərarı belə veririk ki, məsələn, əsas qapıçımız Aytac Şərifova Türkiyə superliqasında “Trabzonspor”da, ehtiyat qolkiperimiz Nərgiz Cəfərova isə “Ereğli” komandasında çıxış edir. Dediyiniz futbolçuların performansı onlara yaxındısa, şans veririk. Ölkə çempionatının səviyyəsinin aşağı olduğunu vurğuladız, belədə özünüz də görürsüz ki, səviyyə fərqi ortaya çıxır. Əvəzində qeyri-rəsmi matçlara gənc oyunçuları dəvət edirik.
- Dediz ki, ölkə çempionatının oyunlarını yaxından izləyirsiz. Bildiyiniz kimi, “Neftçi” - “Balxurma” oyunu yarımçıq qalmışdı. Belə hallar liqanın səviyyəsinə nə dərəcədə təsir edir?
- Düzünü desəm, bunları mediadan oxumuşdum. Həmin matçda nə baş verdiyini tam bilmirəm. Səhv etmirəmsə, komandalardan birində oyunçu sayı da az olub. Belə hallar olmamalıdı.
- Türkiyədə Azərbaycan futbolunun uğurunu necə qarşılayırlar?
- İki ildi ordayam. İlk vaxtlar önyarğı ilə yanaşırdılar. Klub rəhbərliyinə “Azərbaycan bizdən məşqçi aparır, siz Azərbaycandan çalışdırıcı gətirmisiz” tipli sözlər deyildiyini eşidirdim. Komandamız çempion olandan sonra fikirlər dəyişdi. Türkiyə millisi iki tur əvvəldən B divizionuna vəsiqəni təmin etmişdi. Qardaş ölkədən olan futbol adamları bizim qrupun qalibi kimi Monteneqronu görürdü. Şükürlər olsun, hər kəsə göstərdik ki, Azərbaycanda da qadın futbolu inkişaf etmək istəyir.
- Millimiz artıq B-yə yüksəldi. Bundan sonra planlar və hədəflər nələrdi?
- AÇ-nin seçmə mərhələsindəki rəqiblərimizi öyrənmək üçün püşkü gözləyirik. Əvvəl C səbətindəydik, daha güclü rəqiblərlə qarşılaşırdıq. Amma indi püşk üzümüzə gülsə, A səbətindən münasib rəqib gəlsə, istədiyimiz nəticəni əldə edə bilərik. Bundan başqa, fevral, aprel və iyun aylarında toplanışlarımız olacaq. Bir neçə yoldaşlıq oyunları keçirməyi düşünürük. Bizim kimi komandalara tez-tez matç keçirmək lazımdı. Nə qədər çox görüşə çıxsaq, o qədər “artırarıq”. Rəsmi matçlarımız sentyabrda başlayacaq. Məqsəd Avropa çempionatında xalqımızı sevindirməkdi.
- Türkiyədə bu mövsüm ilk məğlubiyyətinizi aldız. Qolu da millimizin üzvü Kristina Bakarandze vurdu. O fərqlənərkən nə hislər keçirdiz?
- Oyundan öncə də komandaya demişdim ki, Kristinaya diqqət edin. O, adi epizodlardan da qol çıxarmağı bacaran oyunçudu. Elə oldu ki, qapıçımız səhv elədi, Bakarandze də bundan yararlandı. Matçdan sonra mənə dedi ki, “hoca, gördüm top qarşımdadı, məcbur qol vurmalıydım”.
İSMAYIL XEYRULLAYEV