UFC prezidenti Dana Uayt bu qurumun sabiq çempionu, dağıstanlı Həbib Nurməhəmmədovun gedişi haqda danışıb.
“Football-plus.az” xəbər verir ki, müsahibə zamanı ondan hansı döyüşçünün UFC-dən ayrılmasından daha çox təsirləndiyini soruşublar. Uayt suala belə cavab verib:
“Həbibin gedişi mənim üçün çətin idi. O karyerasını daha uzun müddət davam etdirə, daha çox uğura nail ola bilərdi. Atası dünyasını dəyişəndən sonra sanki döyüşdən aldığı bütün sevinci itirdi”.
Bildiyiniz kimi, Həbib 2020-ci ilin oktyabrında UFC 254 turnirində Castin Qeycini məğlub edəndən sonra karyerasını bitirib. Dağıstanlı döyüşçü bununla da UFC versiyası üzrə çempion titulunu vakant saxlayıb. Onun qarışıq döyüş növləri üzrə keçirdiyi 29 döyüşün hamısında qələbə qazandığını da xatırladaq.