“İndi kapitan mənəm və məsuliyyətim ikiqat artıb” – Gəncədən cavab

21.11.2023 15:36 487
Aktual / Müsahibə
Bu gün voleybol üzrə ölkə çempionatında əvvəlki turlardan təxirə salınan sonuncu oyun keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, "Gəncə" saat 18.00-da evdə "Murov Az Terminal"la qarşılaşacaq. Oyun və komandanın durumu ilə bağlı Leyla Parşkova ilə söhbətləşdik.

- Bu gün doğma meydanda "Murov Az Terminal"a qarşı debüt oyununuza çıxırsız. Bu görüş barədə nə deyə bilərsən?
- İlk oyunu doğma meydanda keçirmək bizə çox inam verir. Yüz faiz nəticə göstərəcəyimizə və azarkeşlərin ümidlərini doğruldacağımıza inanırıq.

- Komanda mövsümə nə dərəcədə hazırdı?
- Çox yaxşı hazırlaşırıq. Həftədə 9 məşq edirik. Kollektivdə ab-hava əladı.

- Yeni mövsüm üçün hədəfləriniz nədi?
- Məqsədimiz yaxşı oyun göstərib final mərhələsinə vəsiqə qazanmaqdı.

- Nərmin Fərəcova komandadan ayrılandan sonra sən kapitan oldun. Kollektiv arasında məsuliyyətinin daha da artdığını düşünmək olarmı?
- Nərminin komandadan ayrılmasını istəməzdim. İndi kapitan mənəm və məsuliyyətim ikiqat artıb. Amma inanıram ki, öhdəsindən gələcəm. Rəhbərlik də bizə çox yaxşı diqqət göstərir.

- Nərminin gedişinin komandaya təsir edəcəyini düşünürsən?
- Əlbəttə. Çünki hər bir oyunçu kimi onun da yeri dəyərlidi. O, həqiqətən də faydalı voleybolçu idi.

- Ölkə çempionatındakı rəqiblərinizlə tanış olmusuz?
- Hələ ki çempionatda bütün oyunlar keçirilmədiyindən təhlil eləməmişik. Sadəcə, bu gün qarşılaşaçağımız "Murov Az Terminal"a diqqət yönəltmişik.

- Kapitan olduğun üçün bu sualı sənə vermək düzgün olar. Legioner oyunçular Gəncəyə uyğunlaşa bilir?
- Legioner oyunçularımız peşəkardı və qısa müddətdə Gəncəyə uyğunlaşdılar. İndi özlərini evdəki kimi hiss edirlər.

CAVİD ƏLİYEV