...Lukaku 30-cu dəqiqədə 3-cü qolu Şahruddinin qapısından keçirəndə istər-istəməz oteldəki qaradərili ofisiantı xatırladım. Hadisə belə oldu: nahar zamanı həmkarlarımdan biri iki qədəh qırmızı şərab istədi, həmin ofisiant yüngülcə söz atdı ki, iki qədəh toxunar. Həmkarım cavabında dedi ki, iki azdı, üçünü istəyirəm, yəni het-trik. Ofisiant nə düşündüsə, qəfil cavab verdi ki, het-triki axşam Lukaku edəcək. Adam sanki münəccim imiş. Romelu 3 yox, 4 qol vurdu, hələ Tedesko onu sona qədər meydanda saxlasaydı, bütün fərdi rekordları qıracaqdı.
Tarixi adı “Eyzel” olan, böyük faciəyə şahidlik edən “Kral Boduen” bazar günü daha bir kiçik faciənin məskəninə çevrildi. Oyunun axarına toxunmaq istəmirəm, çünki hamı hər şeyi görüb və bilir. Amma bəzi ümumi detalları xatırlatmaq lazımdısa, onda Eddi İsrafilovun axmaqcasına aldığı iki sarı vərəqəni, 77-ci dəqiqədə Turan Manafovun oyunun bitməsini gözləmədən paltardəyişmə otağına yollanmasını (həmin an Emin Mahmudov Elvin Camalovla əvəzləndi və De Byazinin dəyişiklik limiti tükəndi), hesabda 0:4 geri olan komandanın qapıçısının daim “vaxt öldürməklə” yerli publikanı qəzəbləndirməsini, futbolçularımızın 5-ci qoldan sonra hətta oyuna mərkəzdən başlamaq istəməyib belçikalıların təəccübünə səbəb olmasını qeyd etməyə bilmərəm.
Ümumiyyətlə, bazar günü təəccüblü məqamlar çox idi. Məsələn, Azərbaycanın himni adına sırınan qəribə musiqiyə görə ayağa durduq. Sonradan aydın oldu ki, Belçika yığmasında belə məsələlərə baxan adamlar İsveçlə oyundan qalan himni səsləndirib, rəqib düşərgə nədənsə bu məsələni AFFA-nın şöbə rəisi Emin Cəfərovla dəqiqləşdirməyi lazım bilməyib. İsveçin himni səslənəndən sonra bizimkilər oynamaq istəmədi. Federasiya rəsmiləri düşdülər aşağı ki, himn səslənməsə, çıxırıq meydandan. Ondan sonra himni verdilər. Bu proses zamanı Lukaku üzr istədi, dedi ki, biz gözləyirik, problem yoxdu, himn səslənsin.
Darmadağın olan yığmamıza dəstək qaydasında olsa da, stadionda azərbaycanlıların sayı az idi. Bilmirəm buna hava şəraiti təsir göstərmişdi, yoxsa logistika problemi var idi. Hər halda, gördüyümü deyirəm ki, “Milli Dəstə” ilə “Göyqurdlar”ın çətiri altında bir ovuc soydaşımız birləşmişdi.
Etiraf etmək lazımdı ki, avropalılar futbol oyunlarının təşkili baxımından bizdən xeyli irəlidədi. Onlar oyuna xeyli qalmış stadiona gəlir, yüngül qəlyanaltılar etməklə fikir mübadiləsi aparırlar, bir qədər yaşlılar stadionun həyətində oturaraq nəfələrini dərirlər, bir sözlə, adam futbol ab-havasını iliyinə-sümüyünə qədər duyur. Stadionun tablo-monitorunda yeknəsəq yox, maraqlı reklamlar gedir. Əslində “Proximus”un reklamıdı, ancaq azarkeşlərin yığmaya nizamlı dəstək vermək üçün əla düşünülən ideyadı. Belə ki, reklam çarxında yer alan futbolçular əllərini bir-birinə vurur, həmin vaxt tribunalara toplaşan azarkeşlər də onların hərəkətini təkrarlayır. Və ya oyuna 10 dəqiqə qalmış qırmızı rəngdə olan, “iblislər”i simvolizə edən 17 nəhəng bayrağı daşıyan oğlanların meydan boyunca dövrə vurması maraqlı məqam idi. Yəqin ekranda da gördüz, qazonun vəziyyəti heç də ideal deyildi, futbolçularımız isə tez-tez sürüşürdü.
0:5 uduzan komandanın futbolçuları azarkeşlərə yaxınlaşaraq sağollaşdı. Biz isə De Byazinin mətbuat konfransına yollandıq. İtaliyalı mütəxəssis salona gələnə qədər belçikalıların qələbə şadyanalığını izləməyə, səs-küyü, uğultunu eşitməyə məcbur olduq. De Byazi gəldi, gərginliyi hər halından bəlli idi, əlindəki mobil telefondan sanki hansısa xəbər gözləyirdi. Ona Səxavət Qurbanov, İlkin Xəlilov və bəndəniz sual verdi. Nə qədər qəzəbləndisə, salondan çıxıb gedəndə az qala tərcüməçi qıza toxunacaqdı. Cavabının tərcümə olunmasını gözləmədən salondan qaçdı və bu zaman çıxış qapısını da səhv saldı. Bəlkə də bu, bizim, yəni azərbaycanlı jurnalistlərin onunla son görüşü idi. Daha bir maraqlı məqam budu ki, De Byazinin suallarımıza tərcüməçi Fəridin variantından daha sərt şəkilə cavab verdiyini Belçika mediası vasitəsi ilə öyrəndik. AFFA-nın baş katibi Sərxan Hacıyev isə artıq Brüssel hava limanında yığma ilə səfərə çıxan jurnalistlərə açıqlamasında rəhbərlik etdiyi qurumun adından Azərbaycan mediasından üzr istədi...
HUŞƏNG
Turan Manafov niyə oyun bitmədən paltardəyişmə otağına getdi?
Yığma / Manşet




