Təcrübəli mütəxəssis bu gün paytaxt Budapeştdə keçiriləcək qala-gecədə mükafat alacaq. O, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsi (CİFP) tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu Feyr Pley mükafatı - “Joao Barotra” diplomuna layiq görülüb.
Bəs mütəxəssis ölkəmizə nə vaxt qayıdacaq? Yoxsa Budapeştdən birbaşa "Bayer-04" ilə oyunun keçiriləcəyi Leverkuzenə yollanacaq?
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Football-plus.az"a belə dedi:
"Qurban Qurbanov Konfrans Liqasının “Qarabağ” – "Marsel" oyununda İbrahima Vacinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı. Məhz bu davranışına görə mükafata layiq görülüb. Tədbir 19.00-da başlayacaq. Sabah isə baş məşqçi Azərbaycana qayıdacaq".
Maraq üçün qeyd edək ki, Qurban Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlıdı.
KƏNAN BAHADIR


